Azərbaycan antiterror tədbirləri ilə ikinci dəfə hərb tarixinə öz adını yazdırdı- AÇIQLAMA

Azərbaycan antiterror tədbirləri ilə ikinci dəfə hərb tarixinə öz adını yazdırdı- AÇIQLAMA backend

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan üçün sözün əsil mənasında qurtuluş dövrü başlayıb. Ümummilli Lider ölkənin inkişafı naminə təxirəsalınmaz tədbirlər həyata keçirib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində ehtiyatda olan polkovnik-leytenant, Heydər Əliyev adına Hərbi İnstitutun baş müəllimi, hərbi ekspert Vüqar Əliyev deyib. O qeyd edib ki, birinci Qarabağ müharibəsi dövründə Ermənistan ordusunun qarşısını almaq üçün poliqonlar hazırlandı, səfərbərlik elan olundu, əsgərlərin döyüş qabiliyyətini artırmaq üçün təlimlər təşkil edildi. Bütün bu tədbirlər nəticəsində Azərbaycan Ordusu 1994-cü ilin yanvarında düşmənə 3 istiqamətdə hücuma keçdi. Müəyyən strateji mövqelərin ələ keçirilməsi, ağır hücum taktikası Ermənistanın gücünü zəiflətdi.

“Bu onların əks hücum imkanlarını itirib müdafiə taktikasına keçməsinə şərait yaratdı. 1994-cü ilin mayında Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəs Heydər Əliyevin uzaqgörən siyasətinin təcəssümüdür. Ümummilli Lider bilirdi ki, bu qədər qısa müddətdə düşmən və ona havadarlıq edən qüvvələri məğlub etmək olmaz. Öncə Azərbaycan Respublikasını dirçəltmək, onun iqtisadi, siyasi mövqeyini gücləndirmək vacibdir. “Əsrin müqaviləsi”nin imzalanmasına nail olan Ulu Öndər ölkənin iqtisadiyyatına ciddi töhfə verdi. Ümummilli Lider Heydər Əliyevdən sonra Azərbaycanın rifahının artırılması naminə aparılan siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan hakimiyyətə gəldiyi ilk gündən ölkədə geniştərkibli islahatlar aparmağa başlayıb. Onun rəhbərliyində Ordu quruculuğu inkişaf etdirilib, vahid komandanlıq yaradılıb. Ordunun döyüş qabiliyyətini artırmaq üçün kursantlar xarici ölkələrə təhsil alması üçün göndərilib. Həmin zabitlər Türkiyə, Rusiya kimi ölkələrdə keçirilən təlimlərdə iştirak ediblər. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq təcrübələri əsas götürərək dünyanın ən qabaqcıl təcrübələrini mənimsəyiblər”, - deyə V.Əliyev bildirib.

O, Azərbaycan Ordusunun öz gücünü düşmənə nümayiş etdirdiyi ilk savaşın Aprel döyüşləri olduğunu vurğulayıb: “Bizim Zəfərə doğru yürüyüşümüz 2016-cı ilin aprel ayından başlayıb. Aprel döyüşləri zamanı Ordumuz olduqca əlverişli mövqeləri geri qaytardı və Ermənistan ağır itkilərlə geri çəkilməyə məruz qaldı. Daha sonra 2020-ci ildə Tovuz hadisələri baş verdi. Bütün bunlar Azərbaycanın əks-hücum əməliyyatlarına başlamasına səbəb olan hadisələrdir. İkinci Qarabağ müharibəsi zamanı düşmənin hərbi gücü məhv edildi, canlı qüvvə və texnikası sıradan çıxarıldı. Kapitulyasiya aktı imzalamağa məcbur olan Ermənistan hakimiyyəti bölgədə baş verən proseslərin yalnız sülh yolu ilə həll olunacağı sözünü verdi. 2020-ci il noyabrın 9-da əldə edilən razılaşmadan sonra müəyyən dövr ərzində atəşkəs təmin olundu. Ancaq düşmən öz məkrli siyasətindən əl çəkmədi. Nəhayət, bu il sentyabrın 19-dan Azərbaycanın başlatdığı antiterror tədbirləri zamanı 24 saat ərzində tarixdə bənzəri olmayan taktika ilə düşmənə elə zərbə endirildi ki, o həmin zərbədən özünə gələ bilmədi. “Dəmir yumruq” növbəti dəfə düşmənin başını əzdi. Havada tam üstünlük əldə edən Ordumuz ermənilərin kommunikasiya, toplanma məntəqələrinə, silah anbarlarına endirdiyi sarsıdıcı zərbələrlə onları bir sutka ərzində təslim olmağa vadar etdi. Vətən savaşında olduğu kimi lokal antiterror tədbirlərinin keçirilməsi ilə Azərbaycan ikinci dəfə dünya hərb tarixinə öz adını yazdırdı. Bu, Qələbə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun və xalqının birliyinin rəmzidir”.

 

 

Diaspora