"Ermənistanda hakimiyyətdə Paşinyan yox Putinin dostu Robert Köçəryan olsaydı, Azərbaycan Qarabağı geri qaytara bilməzdi".
Qaziler.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu öz feysbuk hesabında yazıb.
"Rusiyanın televiziya və youtube kanallarında Ermənistanın baş naziri Nikol Paşinyanı küçə söyüşləri ilə təhqir edirlər. Təhqir müəllifləri əsasən Rusiyanın media mühitində əhəmiyyətli mövqelərə malik ermənilərdir. Proqramlara dəvət edilən fərqli millətlərə məxsus aparıcı və ekspertlər də Paşinyanı aşağılayırlar. Bunlar hesab edir ki, Ermənistanda hakimiyyətdə Paşinyan yox Putinin dostu Robert Köçəryan olsaydı, Azərbaycan Qarabağı geri qaytara bilməzdi. Əlbəttə, Robert Köçəryan Kremllə daha sıx əlaqələrə malik idi, ancaq dünyadakı və bölgədəki vəziyyət tədricən Azərbaycanın xeyrinə dəyişirdi və Ermənistanın keçmiş prezidenti də doğma separatçılarını xilas edə bilməyəcəkdi. Köçəryan bu qədər güclüydüsə İkinci Qarabağ müharibəsindən sonra asanlıqla Nikol Paşinyanı devirməliydi. Paşinyanın reytinqi düşsə də, erməni cəmiyyətindəki dəstəyi hətta Azərbaycanın anti-terror əməliyyatından sonra da Köçəryana olan dəstəkdən dəfələrlə çoxdur. Bu səbəbdən Rusiya televiziya və youtube kanallarında Ermənistanın hazırki baş nazirini söyəndə və aşağılayanda seçkilərdə Paşinyana səs və dəstək verən ermənilərin Rusiyaya qarşı nifrəti daha da artır", - politoloq yazıb.