Ermənistanın bəzi mətbuat orqanlarında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin müsahibələrindən birinə istinadən bəzi təhrif olunmuş məlumatlar verilib və bu məlumatlar eyni zamanda Azərbaycan mediasında da öz əksini tapıb.
Bu barədə Axar.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən verilən açıqlamada bildirilib.
Açıqlamada qeyd olunur ki, F.Şəfiyevin bəzi fikirləri Azərbaycan hökumətinin mövqeyini əks etdirmir:
"Həmin müsahibədə region, xüsusilə Ermənistanla Azərbaycan arasındakı vəziyyətə dair müzakirələr aparılıb və müzakirələr çərçivəsində müəyyən fikirlər, mülahizələr səsləndirilib. Qeyd etmək istəyirik ki, səsləndirilmiş bəzi fikirlər nəzəri xarakter daşıyır və Azərbaycan hökumətinin mövqeyini əks etdirmir. Ümumilikdə Azərbaycanın rəsmi mövqeyi ilə bağlı yalnız rəsmi məlumatlara istinad olunmalıdır. Bir daha vurğulamaq istəyirik ki, müsahibədən götürülərək yayılmış məlumatlar kontekstdən çıxarılıb və təhrif olunub".