Ermənistan toplanış adı ilə ordu sıralarına şəxsi heyət cəlb edir - AÇIQLAMA

Ermənistan toplanış adı ilə ordu sıralarına şəxsi heyət cəlb edir - AÇIQLAMA backend

Ermənistan son aylar ərzində Azərbaycana qarşı təxribat fəaliyyətini kifayət qədər genişləndirib. Öncə Laçın sərhəd-buraxılış məntəqəsinin önündə başlayan humanitar yardım şousu sonradan həm sərhəddə, həm də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərdə müxtəlif formatlı təxribatlarla davam etdi. Burada həm Azərbaycan təyyarələrinə qarşı radioelektron maneələrin yaradılması, həm hər iki istiqamətdə səngərlərin qazılması, sonunda isə sentyabrın ilk günlərində sərhəddə Basarkeçər rayonunun Zod kəndi istiqamətindən Azərbaycan Ordusuna qarşı minaatanlardan və PUA-lardan da istifadə etməklə gərginliyin yaranmasını müşahidə etdik. Belə addım Ermənistan üçün kifayət qədər pis nəticələrə gətirib çıxarsa da, bu dövlət hazırda niyyətlərindən əl çəkmək fikrində deyil. Görünür, Ermənistana humanitar yardım tamaşasının uğursuz nəticəsini sərhəddəki lokal toqquşmalarla kompensasiya etmək üçün müxtəlif kənar qüvvələrdən göstərişlər verilib.

Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu göstərişlər əsasında Ermənistan gücü çatmayacağı və daşıya bilməyəcəyi ağır yükün altına girmək məcburiyyətində qalıb. Bu günədək sosial şəbəkələrdə Ermənistanın cəbhəyə, həm də hücum silahlarının daşınmasına dair çoxsaylı videogörüntülər paylaşılıb. Digər tərəfdən, Ermənistan toplanış adı ilə ordu sıralarına şəxsi heyət cəlb edir. Xatırladıram ki, toplanışa cəlb olunan heyətə silah təhkim edilməməlidir, onlar hərbi hissələrdə vəzifələrə təyin oluna bilməzlər. Eyni zamanda, döyüş vəzifələrinin yerinə yetirilməsində, fövqəladə halların aradan qaldırılmasında iştirakı mümkünsüzdür. Lakin Ermənistan tərəfi bütün qaydalara zidd olaraq toplanışa cəlb etdiyi heyəti hazırda cəbhədə Azərbaycana qarşı mövqelərdə şərti sərhəddə yerləşdirməkdədir.

“Sentyabrın ilk günlərində baş verən təxribatlarda da Azərbaycan Ordusunun məhv etdiyi erməni hərbi qulluqçulardan bəziləri toplanışla hərbi xidmətə cəlb olunanlardan idi. Normal ölkələrdə isə adətən toplanış yaşı 35-lə məhdudlaşır. Azərbaycan və Gürcüstanda məhz bu yaş həddi 35-dir. Amma nədənsə Ermənistan bu yaş həddini daha üst səviyyələrdə saxlamaqla ortaya maksimum heyət cəlb etməyə çalışır. Bu da həmin ölkənin militarist siyasətindən, onun qonşulara qarşı ərazi iddialarını irəli sürmək üçün daha çox sayda şəxsi heyətə ehtiyacı olmasından irəli gələn tədbirlərdir. Hər bir halda düşmən təxribatları kifayət qədər intensiv davam edir. Həm istehkam qurğularının inşası, həm də Qarabağda Azərbaycan və xarici aviareyslərə qarşı radioelektron hücumların həyata keçirilməsi, eyni zamanda, Paşinyanın sentyabrın 2-də Qarabağdakı separatçı rejimi və orada yaşayan əhalini təbrik etməsi, bu gün Qarabağda separatçı qurumun “prezident”inin seçilməsi və digər fəaliyyətlər Azərbaycanı daha kəskin və sərt addımlarla düşmən təxribatlarını cavablandırmağa təhrik edir”, - deyə hərbi ekspert vurğulayıb.

Ə.Verdiyev bildirib ki, son günlər baş verən atəşkəs pozuntularının coğrafiyası kifayət qədər genişlənib. Ermənistan həm Naxçıvan, həm də Ağdam istiqamətində təxribatlarını genişləndirib. Burada ən çox diqqəti çəkən məqam ondan ibarətdir ki, Ermənistan tərəfi Qarabağda Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərinə qarşı kifayət qədər çox sayda yeni səngərlər qazmaq və bu vasitə ilə ora yaxınlaşmaq niyyətindədir. Ordumuzun mövqelərinə doğru səngər və əlaqə yollarının qazılması, düşmənin Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə daha yaxın məsafədə yerləşməsi onların həyat və sağlamlığına kifayət qədər ciddi təhdidlər yaradır. Odur ki, biz yaranan mövcud vəziyyəti doğru qiymətləndirməliyik. Ermənistan tərəfinin niyyətini bilməli və onun qarşısını almalıyıq. Zərurət yaranacağı təqdirdə düşmənin Azərbaycan Ordusunun şəxsi heyətinə, onun sağlamlığına və ərazilərimizə qarşı istənilən fəaliyyətlərinin qarşısının alınması üçün preventiv tədbirlər həyata keçirilə bilər.

 

 

Diaspora