Ermənistan Azərbaycana qarşı köhnə planı işə salır

Ermənistan Azərbaycana qarşı köhnə planı işə salır backend

İndiki halda separatçıların seçki şousu Azərbaycanın maraqlarına cavab vermir.

Bu barədə Trend-ə açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.

O qeyd edib ki, ermənilərin əsas məqsədi dünya ictimaiyyətinin diqqətini buna yönəltməkdir.

"Guya burda hansısa qurum var, hansısa bir qondarma dövlət var. Və keçirilən seçkilərdə rəqiblər mübarizə aparırlar. Əslində isə təyinatın daha əvvəldən verildiyini və Rusiya tərəfindən razılaşdırıldığı sirr deyil. Eyni zamanda qarşı tərəf vaxt udmağa çalışır. Belə ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolununun açılmağını, reinteqrasiya prosesinin davam etməsini istəyir. Qarşı tərəf bundan istifadə edib seçki şousunu yaratmaqla həm də bu sualları cavabsız qoyur", - deyə siyasi şərhçi əlavə edib.

T. Rzayev bildirib ki, Azərbaycanın suveren ərazisində hər hansı seçkinin keçirilməsi birbaşa ölkəmizin suverenlik haqlarına və ərazi bütövlüyünə qəsddir:

"Ölkəmizin sərhədlərində təxribatların artması və eyni zamanda Ermənistanda hərbi səfərbərliyin elan olunması, canlı və hərbi texnikanın sərhədlərimizə yığılması bunun göstəricisidir. Ermənistan son iki il ərzində milyardlarla dollar dəyərində silahlar alıb. Düşmənin bu qədər silaha pul xərcləməsi onların məqsədindən xəbər verir. Bu silahlar birbaşa Azərbaycan sərhədlərinə yerləşdirilir. Amerika Birləşmiş Ştatlarının Ermənistanla birlikdə üçgünlük təlim keçirəcəyi barədə xəbərin açıqlanması tamamilə sürpriz oldu. Rusiyanın hərbi müttəfiqi, yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Kollektiv Təhlükəsizlik Şurası üzvü Amerikayla hərbi təlim keçir. ABŞ bu xəbərə sıradan bir xəbər kimi reaksiya verib. Paralel olaraq Paşinyanın Rusiya ilə bağlı neqativ açıqlamalar verməsi Qərbdən ona açıq dəstəyin verilməsi kimi ifadə oluna bilər."

Şərhçi vurğulayıb ki, biz Naxçıvan və Qarabağ istiqamətində ermənilərin təxribatı ilə üzləşə bilərik.

"Hər iki təxribat həm də Türkiyəyə qarşı yozula bilər. Belə ki, Azərbaycan Türkiyənin yaxın müttəfiqidir. Son zamanlar Türkiyə ilə Rusiyanın bir çox məsələlərdə uzlaşması ABŞ-ni çox narahat edir. Düşünürəm ki, genişmiqyaslı müharibə olmayacaq. Ancaq qarşı tərəf hansısa təxribata əl atarsa, cavabı artıqlamasıyla veriləcə", - deyə o, qeyd edib.

 

 

Diaspora