Facebook sosial şəbəkəsində Xalq artisti Flora Kərimovaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb.
Audiorolikdə Flora Kərimovanın səsi ilə yarırus-yarıazərbaycanca danışan şəxs Türkiyəni və türk paşalarını ötən əsrin əvvəllərində Azərbaycana təmmənalı kömək etdiyinə görə müxtəlif sözlərlə suçlayıb.
Səs yazısının mənbəyi və ilk dəfə kim tərəfindən yayıldığı məlum deyil. Onun harada və nə vaxt lentə alındığı, niyə indi üzə çıxarıldığı bilinmir. Eyni zamanda, səs yazısının doğrudan da Flora Kərimovaya məxsus olduğu da dəqiq deyil.
Qeyd edək ki, səs yazısı Flora Kərimovanın kollaj edilmiş şəkli ilə paylaşılıb və üzərinə təhqiramiz ifadə yazılıb – onu erməni adlandırıblar. Bu isə şübhələnməyə əsas verir ki, kimlərsə Flora Kərimovanı gözdən salmağa çalışır.
QAZİLER.AZ Publika.az-a istinadən verdiyi məlumata görə, Flora Kərimova ilə bağlı kollajı sosial şəbəkədə paylaşan sabiq deputat Gülər Əhmədova audiorolikdə danışan şəxsin Xalq artisti olduğunu iddia edib və onu mövqeyinə görə qınayıb.
Gülər Əhmədovanın paylaşımı sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bu paylaşıma görə Gülər Əhmədovaya haqq qazandıranlarla yanaşı, onu mənşəyi məlum olmayan şübhəli səs yazısını yaymaqda ittiham edənlər də olub. İkincilər bunun Flora Kərimovaya qarşı təxribat olduğunu, danışan şəxsin Xalq artisti olmadığını və kimlərinsə düşmən dəyirmanına su tökdüyünü bildiriblər.
Məsələyə millət vəkili Fazil Mustafa da münasibət bildirib.
Deputat deyib ki, Türkiyə ilə bağlı sərsəm fikirlər vaxtilə keçmiş deputat Araz Əlizadə və “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül tərəfindən ortaya atılmışdı:
“Bu sərsəm fikirlər Araz Əlizadə və Hacı Əbdül tərəfindən ortaya atılmışdı və zamanında tutarlı cavablarını vermişik. Kimin söyləməyindən asılı olmayarq yanlışdır. Ancaq bu sözləri onun söyləməsi inandırıcı gəlmir. Ancaq səsi bu dərəcədə bənzətmək olarmı, bilmirəm. Flora xanım sözü ilə deyil, səsi ilə zirvədə olan təkrarolunmaz sənət adamıdır. Sözündə yanlış axtaranların niyyəti də görünür sağlam deyil. Yazılsın ki, səhv deyib, dəyərləndirməsi doğru mənbədən alınmayıb. Ancaq kollaj paylaşıb üzərinə “erməni” yazmanın adı- əxlaqsızlıqdır!”