Ermənilər 10 min silahlıya güvənir – Politoloq

Ermənilər 10 min silahlıya güvənir – Politoloq backend

Araikin özü kimi tərbiyə etdiyi, onunla eyni mövqedən çıxış edən Samvel Şahramanyanın “hakimiyyət”ə gəlməsi Qarabağda heç nəyi dəyişməyəcək. Çünki Qarabağın dağlıq hissəsindəki separatçılar, əsasən, Moskvadan idarə olunur.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Qarabağ iqtisadi rayonunda separatçıların “rəhbər dəyişikliyi”nə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, separatçı rejimin addımları, söylədikləri, əhali ilə münasibətləri bütünlüklə Moskvadan gələn təlimatlarla tənzimlənir:

“Qarabağın dağlıq hissəsindəki vəziyyətin nəzarət altına alınması üçün ilk növbədə ərazilərimizdə olan erməni qoşunlarının çıxarılması lazımdır. On minlik qanunsuz silahlı qüvvə bölgədəki separatçılara ruh yüksəkliyi verir. İkinci mühüm əngəl, sözsüz ki, Rusiya sülhməramlılarıdır. Onlar həm Qarabağdakı separatçılara, həm də bölgədə olan erməni silahlı qüvvələrinə təsir edir. Bu gün Qarabağdakı separatçılar, onların əməllərinə tabe olanlar hay-həşir salır, Əskəran yolunu bağlayır, Xankəndiyə gedən yolu isə Rusiya sülhməramlıları bağlayır, mitinqlər keçirirlər və s. Heç aclıq çəkən ermənilərə oxşamırlar. Azərbaycanın göndərdiyi humanitar yardımı isə qəbul etmək niyyətində deyillər. Məqsədləri Azərbaycanla öz aralarında sərhəd çəkmək, indiyə kimi başıpozuq halda yaşayan saxta rejimi qoruyub saxlamaqdır”.

Politoloq bildirib ki, bəzi ölkələr hadisələrə obyektiv yanaşmır, beynəlxalq hüquqa zidd addımlar atırlar:

“Bəzi ölkələrin bu hadisələrə münasibəti tamamilə qeyri-obyektivdir. Birincisi, hamısı yorulmadan “orada 120 min nəfərdən çox erməni yaşayır” deməkdən əl çəkmir. Heç İkinci Qarabağ savaşından əvvəl Qarabağda o qədər erməni yaşamayıb. Bu bölgədə baş verən hadisələri jurnalist səviyyəsində belə analiz etməyi bacaran siyasətçiyə rast gəlmək olmur. Onlara sübut etmək olmur ki, bu ərazilərdə cəmi 30 minə yaxın erməni var. Onlara hər hansı status və hüquq düşmür”.

Qabil Hüseynli bildirib ki, Qarabağda ermənilərin ac olmadığını, vəziyyətdən sui-istifadə edildiyini Azərbaycan bu bölgəyə humanitar yük göndərməklə ifşa etdi:

“Göründüyü kimi adamlar nə beynəlxalq hüquqa etimad edir, nə beynəlxalq münasibətlərin tələblərinə uyğun davranır. Ayaqlarını bir başmağa dirəyib, Azərbaycan ununu almayacaqlarını və acından ölsək də, türk çörəyi yeməyəcəyini deyirlər. Demək ki, bunlar ac deyil. Aclıq olsaydı, Qızıl Ayparanın yardımını qəbul edərdilər. Bunlar isə toy mərasimləri keçirir, məclis qurur, öz bildikləri kimi yaşayırlar. Yəni ərzaq təhcizatını bizim bilmədiyimiz hansısa yollarla həyata keçirirlər. Həmçinin, təbiət onlara bizim torpaqlarda bolluca məhsul bəxş edib. Onu da təbiətdən qoparıb alırlar. 25-30 min erməni Azərbaycana, dünyaya meydan oxumaq fikrindədir. Öz müqqədaratını təyinetmə uğrunda “mübarizə” aparmaqla məşğuldurlar. Dünyada bunun analoqu yoxdur”.

 

 

Diaspora