İnternetdə erməni mənbələrinə istinadən Sergey Lavrovun (Rusiya XİN rəhbəri – red.) “Qarabağın Azərbaycana inteqrasiyası” ilə bağlı təkliflərini əks etdirən hansısa planı geniş tirajlanır.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib.
O bildirib ki, bu “planın” bizim ictimai şüurumuza aşağıdakı tezisləri daxil etmək cəhdi olduğundan əmindir:
- “Qarabağ və onun nümayəndələri”nin danışıqlarda tərəf olması;
- əgər danışıqlarda tərəfdirsə, deməli, münaqişə tərəfidir;
- əgər danışıqlar aparılırsa, deməli, bu, davam edən konfliktin həll edilməsi cəhdidir;
- əgər Rusiya danışıqların mövzusunu təklif edirsə, deməli, bu, onun vasitəçi olması deməkdir;
- Rusiyanın vasitəçi olması – beynəlxalq formatdır, bu isə o deməkdir ki, bütün mümkün razılaşmalar beynəlxalq sənəd və zəmanət səviyyəsi alacaq, başqa sözlə, beynəlxalq status.
Zülfüqarov vurğulayıb ki, guya üstünlük kimi qeyd edilənlərin bizə heç bir praktik xeyri yoxdur:
“Çünki ilk danışıqlardaca “qarşı tərəf” “biz danışıqların tərəfdarıyıq, ancaq prinsip yalnız bu olmalıdır – xalqların öz müqəddəratını təyin etməsi” deyəcək... Və yenə Minsk Qrupu, amma danışıq tərəfi kimi Ermənistan deyil, “Dağlıq Qarabağ”...
Ona görə də əgər doğrudan da belə təkliflər varsa, onu “rus gəmisi”nin dalınca göndərmək lazımdır”.
Qeyd edək ki, erməni mediası Sergey Lavrovun “Qarabağ ermənilərinin inteqrasiyası ilə bağlı 14 maddəlik plan” təklif etdiyi haqda məlumat yayıb.