BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Azərbaycanın möhkəmlənən mövqeyinin təqdimatıdır

BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Azərbaycanın möhkəmlənən mövqeyinin təqdimatıdır backend

Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" kimi əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti ilə bağlı keçirilən müzakirələr daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın artan nüfuzunun, möhkəmlənən mövqeyinin təqdimatı oldu. İşğalçı Ermənistan belə bir müzakirəyə nail olaraq BMT Təhlükəsizlik Şurasından hansı qərarın qəbulunu gözləyirdi? Azərbaycan 27 il BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin icrasını gözlədi. Həmin sənədlərdə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması öz əksini tapmışdır. Azərbaycan dövləti daim ən yüksək tribunalardan bu çağırışı etdi ki, BMT qətnamələri bəzi dövlətlər üçün 1-2 saat ərzində icra edilir, amma Azərbaycana gəldikdə isə 27 il gözlədik. Dünyanın ikili standartlara əsaslanan siyasəti ilə hər zaman üz-üzə qalan ölkəmiz belə yanaşmalarla ruhdan düşmədi, əksinə tarixi həqiqətlərə, real faktlara əsaslanan siyasəti ilə təbliğatını daha da gücləndirdi, diplomatik qələbəmiz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə də öz sözünü dedi. Reallıq budur ki, dünya güclərinin 27 ildə edə bilmədiklərini Azərbaycan 44 gündə təkbaşına edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail oldu. Ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olundu. Azərbaycan şanlı Zəfəri ilə bir daha dünyaya sübut etdi ki, ədalət və beynəlxalq hüquq var və onların icrası üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Ermənistanın yalanlarına əsaslanan müraciətinə BMT Təhlükəsizlik Şurasının dərhal münasibət bildirərək belə bir müzakirəni təşkil etməsi təbii ki, özlüyündə müxtəlif sualların yaranmasına səbəb olur. Amma Azərbaycan üçün real olan budur ki, yenə də bütün cəhdlərə baxmayaraq diplomatik uğuru ilə diqqətdə oldu. Bu, Fransa və Ermənistanın artıq ikinci iflasıdır. Ötən ilin dekabrında da məsələnin BMT Təhlükəsizlik Şurasında qaldırılması cəhdi olmuşdur. Hər iki hal Ermənistan diplomatiyasının məğlubiyyətidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov söyləyib.

“Ermənistan belə müzakirələrin aparılmasına cəhdlər etməklə bundan sonra sülhdən necə danışa biləcək? Son üç ilə yaxın dövrün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar diqqəti məhz bu məsələnin həllinə yönəldib səylərini artırsalar daha yaxşı olar. Dünyada sülhün və təhlükəsizliyin təminatında mühüm rola malik olan BMT erməni yalanlarını, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyan təbliğatını özündə əks etdirən müraciətə dərhal münasibət bildirməklə ədalət sınağını yaşadı. Qəbul edəcəyi qərar onun nüfuzunun, ən əsası 27 ildən sonra postmünaqişə dövrünün reallıqları fonunda ədalət meyarını hansı şəkildə qoruduğunun təqdimatı olacaqdı. Müzakirələrdə hər bir dövlətin Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etməsi, Ağdam yolunun açılmasını vacib sayması, Azərbaycanın yerində vəziyyətə nəzarət etməsi faktını qəbul etməsi diplomatiyamızın gücünü, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının ədalət sınağından uğurla çıxmasını nümayiş etdirdi. Bir daha təsdiq edildi ki, belə müzakirələrə ehtiyac yox idi. Məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır”, - deyə deputat bildirib.

O, diqqəti Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 17-də hökumətin iclasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasındakı müzakirələri və üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsinə yönəldərək bildirib ki, işğalçı dövlət hər zaman məğlubiyyətini ört-basdır etmək üçün cəhdlər edir. Amma unudur ki, yalanlarla ədaləti, beynəlxalq hüququ inkar etmək mümkün deyil. Hər bir məsələdə aciz duruma düşən Ermənistan himayədarlarının dəstəyinə arxalandığını qabarıq şəkildə büruzə verir. Azərbaycan Xarici İşlər Nazirliyinin Nikol Paşinyanın BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələri təhrif etməsinə münasibətində də bu cəhd Ermənistanın növbəti dəfə BMT Təhlükəsizlik Şurasında düçar olduğu uğursuzluqla barışmaq istəmədiyi kimi şərh edilir. BMT Təhlükəsizlik Şurasının üzvlərinin əksəriyyətinin vurğuladığı kimi, bölgədə sülh və sabitliyin bərqərar olması üçün həm sözdə, həm də əməldə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinin vacibliyinə baxmayaraq, Ermənistan tərəfinin “bölgədə humanitar vəziyyət”, “blokada” kimi bəhanələri təkrarlayaraq destruktiv mövqe sərgiləməsi narahatlıq doğurur. O da bildirilir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətinə qarşı Ermənistanın müqavimət göstərməsi, baş nazirin guya ölkəmiz tərəfindən erməni sakinlərə qarşı atəş açdığı barədə iddialar səsləndirməsi və ölkəmizi “etnik təmizləmədə” təqsirləndirməsi Ermənistan rəhbərliyinin bölgədə reallıqları hələ də düzgün qiymətləndirmədiyini nümayiş etdirir. Ermənistan tərəfi bu reallığı qəbul etməlidir ki, bölgədə sülhün və sabitliyin təminatının yolu əsassız iddialarla BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmaqdan yox, ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması, hörmət əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar edilməsi üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.

 

 

Diaspora