Azərbaycan Ukrayna şəhərinin bərpasında iştirak edəcək

Azərbaycan Ukrayna şəhərinin bərpasında iştirak edəcək backend

İyulun 21-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatovun rəhbərlik etdiyi nümayəndə heyəti İrpen şəhərində səfərdə olub.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, səfərin məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə dövlətimizin İrpen şəhərinin bərpasında iştirak etmək məqsədilə dağılmış binalara, ərazilərə baxış keçirməkdir. Nümayəndə heyətinə komitənin mütəxəssisləri də daxildir.

Azərbaycan nümayəndə heyəti, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdanov, İrpen şəhər meri Oleksandr Markuşin öncə Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın abidəsi önünə tər çiçəklər düzərək, əziz xatirəsini yad ediblər. Sonra nümayəndə heyəti müharibə zamanı ciddi ziyan görən və Azərbaycan dövlətinin maliyyəsi ilə əsaslı təmir edilən akademik Zərifə Əliyeva adına 12 saylı Humanitar Liseydə olublar, “SOCAR Energy Ukraine” şirkətinin hazırda gördüyü orta məktəbin binasının xarici istilik izolyasiyası işləri ilə tanış olublar.

Orta məktəbdə Zərifə Əliyeva adına muzeylə tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti şəhərin bir çox ərazilərində dağılmış binalara, o cümlədən xəstəxana, Mədəniyyət Mərkəzi, Uşaq və Gənclər İdman Məktəbi, Art Mərkəzə baxış keçiriblər.

Daha sonra İrpen meri O.Markuşinlə Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib, həyata keçiriləcək layihələr müzakirə edilib. Görüşdən sonra jurnalistlərə açıqlama verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib ki, proses artıq başlayıb. Komitənin və Mənzil İnşaatı Dövlət Agentliyinin bir qrup mütəxəssisləri burada baş vermiş dağıntılarla tanış olub. Mer nümayəndə heyətinə ətraflı məlumat verib.

“Biz bir sıra sosial təyinatlı obyektlərin bərpası və yenidənqurma işlərini müzakirə etdik. Düşünürəm ki, müvafiq dəyərləndirmə apardıqdan sonra həmin obyektlərin bərpası və yenidən qurulması ilə bağlı öz təkliflərimizi irəli sürəcəyik. Azərbaycan mütəxəssisləri və inşaatçılarının iştirakı ilə həmin obyektlərin bərpası və yenidən qurulması işlərinə başlanılacaq”, - deyə İlqar İsbatov söyləyib.

 

 

Diaspora