İyulun 2-də Azərbaycan Polisinin yaranmasının 105-ci ildönümüdür. Ötən müddətdə şərəfli yol keçən Azərbaycan Polisi həm Ulu öndər Heydər Əliyev tərəfindən, həm də Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunub.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, Ulu öndər Azərbaycanın daxili işlər orqanlarının fəaliyyətini daim diqqətdə saxlayıb: “Təsadüfi deyil ki, məhz 1998-ci ildə Ümummilli Liderin imzaladığı fərmanla 2 iyul Azərbaycan Polis Günü elan edilib. Ulu öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Polisinə xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı daim Azərbaycan Polisinin texniki təchizatının, sosial təminatının yaxşılaşdırılması üçün müvafiq addımlar atır. İlham Əliyev prezident seçildikdən qısa bir müddət sonra müvafiq Dövlət Proqramının qəbul edilməsi və Daxili İşlər Nazirliyinin strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması deyilənlərin əyani sübutudur”.
Vüqar İskəndərov qeyd edib ki, istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də ondan sonrakı dövrdə, xüsusilə də müstəqilliyimiz dövründə polisimiz hər zaman dövlətin və xalqın keşiyində dayanıb: “Bu şərəfli missiya hazırda da davam edir. 1918-1920-ci illərdə ilk müstəqil dövlətimizin təhlükəsizliyinin təmin edilməsində Azərbaycan Polisi müstəsna rol oynayıb. Azərbaycan Polisi təkcə asayişin qorunmasında deyil, həmin illərdə də baş qaldıran erməni separatçılarına qarşı mübarizədə də müstəsna əhəmiyyətli addımlar atıb. Onu da qeyd edim ki, keçmiş SSRİ dövründə də Azərbaycanın Daxili İşlər Nazirliyi və ona bağlı orqanlar yüksək peşəkarlığı ilə seçilib”.
Deputat deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi ötən əsrin 80-ci illərinin sonunda da erməni separatçılarına qarşı mübarizədə Azərbaycan Polisi ön sırada olub: “Azərbaycan hələ SSRİ-nin tərkibində olanda bizim ordumuz yox idi. Həmin vaxt erməni faşizminin Azərbaycan xalqına qarşı cinayətlərinin qarşısının alınmasında məhz Azərbaycan Polisi necə deyərlər, sinəsini qabağa verdi. Polisimiz 1-ci Qarabağ müharibəsində daim ön cəbhədə oldu. Birinci Qarabağ Müharibəsində 1700-ə yaxın polisin şəhid olması əslində o dövrdə Azərbaycan Polisinin hansı qəhrəmanlıqlar göstərdiyini ortaya qoyur. Azərbaycan Polisi Azərbaycan Ordusunun hələ formalaşmadığı bir vaxtda ordunun da missiyasını şərəflə yerinə yetirib”.