Fransada AzTV əməkdaşlarının hücuma məruz qalması Avropa insan hüquqları prinsiplərinin kobud şəkildə pozulmasına dəlalət edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, Fransa dövlət orqanları cinayətkarları məsuliyyətə cəlb etmək üçün təcili tədbirlər görməlidir. Bu hadisə azad söz və ifadə azadlığına, sərbəst jurnalistikaya qarşı təzyiqin bariz nümunəsidir.
Milli Məclisin deputatı əlavə edib ki, haqqında bəhs olunan hadisə hərbi münaqişələrin yer aldığı hansısa Afrika ölkəsində qeydə alınmayıb. Bu Avropanın mərkəzində baş verib. Dünya ictimaiyyəti buna diqqət yetitməlidir. Beynəlxalq təşkilatlar bu məsələyə hüquqi qiymətini verməlidir.
Qeyd edib ki, Fransa dünyaya demokratiya və insan haqlarından dərs deməyə çalışır. Əslində tarix boyu Afrika ölkələrində törədikləri soyqırımlar və fransız polisinin son əməli bu ölkənin insan hüquqlarına dair siyasətinin iç üzünü ortaya qoydu.