“Dünən-iyunun 28-də Fransada Azərbaycan Televiziyasının əməkdaşlarının çəkiliş zamanı kamerası əllərindən alınıb, sındırılıb və jurnalistlər silahla təhdid olunub. Fransada azərbaycanlı jurnalistlərə qarşı namərd hücumu qətiyyətlə pisləyirik. Biz Fransanın müvafiq dövlət strukturlarını öz vəzifələrini yerinə yetirən şəxslərə qarşı zorakılıq edən cinayətkarların təxirə salınmadan məsuliyyətə alınmasını tələb edirik".
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Azəbaycan jurnalistlərinə Fransada edilən zorakılığa münasibət bildirərkən mətbuata açıqlamasında millət vəkili Kamaləddin Qafarov söyləyib.
K.Qafarov deyib: “Son dövr ərzində Fransanın Azərbaycana münasibətdə sərgilədiyi şər və böhtan ritorikası dövlətlərarası siyasi münasibətlərə ciddi zərbə vurmaqdadır. Bir müddət əvvəl Azərbaycanın Fransadakı səfirliyinə edilən hücum, E.Makronun mütəmadi olaraq Azərbaycanla bağlı heç bir diplomatik etikaya sığmayan böhtan və təhrif dolu iddiaları Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı zorakılıq üçün rəvac vermişdir. Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı törədilən cinayət bir daha sübut edir ki, fundamental dəyərlərdən - insan haqları və demokratiyadan dəm vuran Fransa özü birbaşa insanlara qarşı qanunsuz hərəkətlər edir. Dünyanın heç bir demokratik ölkəsində, normal dövlətlərdə jurnalistlərə qarşı belə hərəkətlərə yol verilmir. Bu hadisə ancaq diktatura hökm sürən dövlətlərə xas bir xüsusiyyətdir. Ən pisi odur ki, əməkdaşlarımızın təhlükəsizliyi və sındırılmış çəkiliş vasitələri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətlərə də məhəl qoyulmur. Bu isə artıq hüquqi nonsensdir. Sözügedən fakt Fransa iqtidarının böhran dövrünü yaşadığını , ölkədə hakimiyyət qollarına nəzarət etməkdə gücsüz olduğunu bir daha təsdiq edir.”
Deputat bildirmişdir ki, bu hadisə bütün dünya dövlətləri tərəfindən qəti şəkildə qınanmalı və məsələyə adekvat qiymət verilməlidir. “Hesab edirəm ki, Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa Jurnalistlər Birliyi, həmçinin media qurumları da törədilən zorakılığa operativ və ciddi reaksiya bildirməli, cinayətkarlar qısa müddət ərzində cəzalandırılmalıdırlar.”