Bütün Amerika qitəsi üzrə fəaliyyət göstərən Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”-də 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar barədə süjet yayımlanıb.
Ölkəmizin Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, süjetdə 30 ilə yaxın davam edən erməni işğalına Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində son qoyaraq, dövlətimizin ərazi bütövlüyünü bərpa etdiyi qeyd olunur. Həmin ilin noyabr ayında Rusiyanın vasitəçiliyi ilə atəşkəs haqqında Üçtərəfli Bəyannamənin imzalanmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə təxribatlar törətdiyi bildirilir və aparılan sülh danışıqları barədə məlumat verilir.
Eyni zamanda, süjetdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laçın şəhərinə qayıdan əhali ilə görüşündən sitatlara yer verilir və Azərbaycanın güclü tərəf olduğu, danışıqlar masasında və sərhəddə güclü mövqelərə sahib olduğu, o cümlədən Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanıdıqdan sonra sülh müqaviləsinin imzalanması üçün ciddi maneənin qalmadığı vurğulanır.