Güney Azərbaycan dövləti uğrunda... - Yeni təşkilat

Güney Azərbaycan dövləti uğrunda... - Yeni təşkilat backend

Avropada müxtəlif təşkilatlarda təmsil olunan fəallar Güney Azərbaycan Milli Dövlətçilik Şurasının yaradılması üçün Təşəbbüs Qrupu təsis edir.

QAZİLER.AZ Axar.az -a istinadən xəbər verir ki, bu barədə qrupun sözçüsü Çingiz Göytürkün yaydığı bəyanatda bildirilir.

Bəyanatın məqsəd və prinsipləri ilə bağlı tam mətni təqdim edirik:

”Vətənimiz Azərbaycanın da yerləşdiyi bölgədə cərəyan edən geosiyasi gəlişmələrlə yanaşı, İran adlanan ölkədə kəskinləşən milli, siyasi və sosial proseslərdə Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin öz milli dövlətçiliyinin bərpası uğrunda başlatdıqları milli hərəkatın önəmi və həlledici rolu bir daha özünü göstərib. Məhz belə bir şəraitdə Güney Azərbaycan Milli Hərəkatının Azərbaycan mərkəzli milli dövlətçilik düşüncəsini mənimsəyən, milli dövlətçiliyimizin bərpası uğrunda müstəqil iradə sərgiləyən və bu doğrultuda milli gücün formalaşdırılmasını hədəfləyən güclü, vahid milli-siyasi təşkilatlanmanın zərurəti ortaya çıxıb.

Bu zərurətdən yola cıxaraq 2022-ci ilin ikinci yarısından etibarən bir sıra milli qurum, təşkilat nümayəndələri və şəxsiyyətlərimiz bir araya gələrək, təşəbbüs qrupunun yaradılması qərarını veriblər. Təşəbbüs qrupu daxildə və xaricdə apardığı müzakirə, məsləhətləşmə və razılaşmalar nəticəsində Güney Azərbaycan Milli Dövlətçilik Şurasının (bundan sonra MDŞ) aşağıdakı prinsiplər əsasında yaradılmasını və 12 dekabr 2022-ci il Milli Dövlətçilik günündə elan olunmasını qərarlaşdırıb. Lakin ümümmilli mənafeyimizi nəzərə alaraq, Təşəbbüs qrupu milli hərəkatda gərəksiz rəqabətə yol verməmək məqsədilə MDŞ-nin həmin tarixdə elan olunmasını təxirə salıb.

Ancaq bu gün hərəkatımızda milli dövlətçilik şüurunun və mübarizə əzminin ön plana çıxdığı bir mərhələdə Güney Azərbaycan Milli Dövlətçilik Şurasının öz fəaliyyətinə başlaması təxirəsalınmaz bir zərurətə çevrilib. Bu zərurətdən yola çıxaraq Təşəbbüs qrupu Güney Azərbaycan Milli Dövlətçilik Şurasının təsis toplantısının 30 aprel 2023-cü il tarixdə keçirilməsini qərarlaşdırıb.

Güney Azərbaycan Milli Dövlətçilik Şurasının prinsipləri:

1. Güney Azərbaycan Milli Dövlətçilik Şurası Güney Azərbaycan Milli Hərəkatının milli-siyasi ideya və zəngin dövlətçilik təcrübəsinə, ümumtürk milli məfkurəsinin təməl prinsiplərinə söykənir və Azadlıq, Ədalət, Milli hökumət devizi ilə milli dövlətçiliyimizin qurulması yönündə fəaliyyət göstərir.

2. MDŞ azərbaycançılıq prinsipinə dayanır, Azərbaycanı vətən sayır və ərazi bütövlüyünü toxunulmaz hesab edir. MDŞ uğrunda savaşdığı hədəf və idealları Güney Azərbaycanın Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərvaycan, Zəngan, Həmədan və Qəzvin ostanları ilə yanaşı, müxtəlif dövrlərdə inzibati-coğrafi dəyişikliklər nəticəsində başqa ostanlara bölüşdürülmüş tarixi milli Azərbaycan ərazisində gerçəkləşdirmək istəyir.

3. MDŞ Güney Azərbaycan Milli Hərəkatının müstəqil qərarvermə zərurətinə inanır, milli dayanışmanın gerçəkləşdirilməsi və vahid milli gücün formalaşdırılması yönündə iş aparır.

4. MDŞ qadın və kişi hüquq bərabərliyini rəsmən tanıyır, qadın hüquq və azadlıqlarının hər hansı bir bəhanə ilə məhdudlaşdırılmasına qarşı çıxır və bu istiqamətdəki mübarizəni milli mücadilənin ayrılmaz tərkib hissəsi olaraq qəbul edir.

5. MDŞ Güney Azərbaycan Milli Hərəkatını rəsmən tanıyan, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşan, milli dövlətçilik hədəfini dəstəkləyən bütün qüvvələrlə müzakirə və əməkdaşlığa hazırdır. Rəsmi müzakirələr gərəyi terrorçu qruplar istisna olmaqla, hər hansı siyasi qurumla danışıq və müzakirə MDŞ-nın prinsipləri və birgə aldığı qərar əsasında həyata keçirililəcək.

6. MDŞ sivil, mədəni mübarizəyə üstünlük verir, özünümüdafiənin bütün məşru yollarından istifadə etməyi məqbul sayır.

7. MDŞ etnik, dini, məzhəbi və s. azlıqların hüquqlarına hörmətlə yanaşır, bərabərhüquqlu vətəndaş cəmiyyətinin yaradılması uğrunda mübarizə aparır.

8. İran və irançılığı - hər hansı ad və ya örtü altında olursa-olsun, rədd edir, çağdaş, demokratik, dünyəvi-sekular Güney Azərbaycan dövlətinin yaradılması uğrunda mübarizə aparır”.

 

 

Diaspora