Ekspert şok açıqlama verib
İlham İsmayıl: “Yasin Hüseynzadə İranın xüsusi xidmət orqanı olan SEPAH-ın göstərişi ilə ölkəmizə gəlib, əyani də, qiyabi də təhsil ala bilər, amma... “
Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu özünün Facebook səhifəsində Azərbaycanın İrandakı səfirliyinə hücum edərək bir nəfəri şəhid edib, 2 nəfəri yaralayan Yasin Hüseynzadənin Bakı Dövlət Universitetinin məzunu olduğunu bildirib.
“Nədən heç kəs demir ki, Azərbaycanın İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə vaxtilə Bakı Dövlət Universitetinin hüquq fakültəsində qiyabi təhsil alıb?”, - deyə o vurğulayıb.
Ə. Oruclunun sözlərinə görə faktı Y. Hüseynzadənin tələbə yoldaşları da təsdiqləyiblər.
Qeyd edək ki, Ərəstunlunun bu iddiası sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Əksəriyyət bildirib ki, bu iddia heç də inandırıcı görünmür, sadəcə İran rejimi ən müxtəlif vasitələrlə məsələni Azərbaycanın üzərinə atmağa, nə olursa olsun, hadisəni ölkəmizə bağlamağa, məsuliyyətdən yaxa qurtarmağa, hədəf yayındırmağa çalışır.
Musavat.com olaraq məsələ ilə bağlı Bakı Dövlət Universitetinin rəyini öyrənməyə çalışdıq. Universitetdən bildirildi ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri həyata keçirildiyinə görə hər hansı məlumatın verilməsi mümkün deyil.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə yayılan iddialarla bağlı Musavat.com-a aşağıdakıları söylədi:
“Yasin Hüseynzadənin nə vaxtsa Bakı Dövlət Universitetində təhsil alıb-almamasının heç bir önəmi yoxdur. O, İranın xüsusi xidmət orqanı olan SEPAH-ın göstərişi ilə ölkəmizə gəlib, əyani də, qiyabi də təhsil ala bilər.
Hər kəsə məlumdur ki, İran rejimi iranlıların Azərbaycanda təhsil almasına heç vaxt müsbət yanaşmayıb. Çünki düşünürlər ki, Azərbaycanda təhsil alanlar mütləq şəkildə, hansısa formada Azərbaycanın təsiri altına düşə bilər. QAZİLER.AZ Musavat.com-a istinadən bildirir ki, əgər İran rejimi ona Azərbaycanda təhsil almağına razılıq veribsə, bu da sübut edir ki, Yasin Hüseynzadə İranın xüsusi xidmət orqanları ilə elə əvvəldən işləyib.
Beləliklə, terrorçu Yasin Hüseynzadənin Azərbaycanda ya əyani, ya da qiyabi təhsil alması onun törətdiyi cinayətə təsir göstərmir. Təhsil alıb və cinayəti də törədib. Bu, əksinə, bizdə əlavə şübhə yaradır ki, zamanında iranlı tələbələrin Bakıda təhsil almasına hər vasitə ilə mane olmağa çalışan, mənfi qarşılayan, yalnız öz ələmədən keçən tələbələrin təhsil almasına müsbət yanaşan İran xüsusi xidmət orqanları ilə Yasin Hüseynzadənin çoxdan əlaqələri var. Onun burada təhsil almasını tələbə yoldaşlarının da təsdiq etməsi onun günahlarını, Azərbaycan səfirliyində törətdiyi terroru yumur”.
Xalidə Gəray
Musavat.com