Qıpçaq çölünün dovşanı – Fərari erməni əsgəri türk ölkəsində poza verməli deyil!

Qıpçaq çölünün dovşanı – Fərari erməni əsgəri türk ölkəsində poza verməli deyil! backend

Qazaxıstanda baş verənlərin əvvəlcədən planlaşdırılan aksiya olduğu artıq kimsədə şübhə yaratmır. Nədənsə kifayət qədər imkan və resurslara malik ölkə rəhbərliyi etirazların başlamasına dərhal adekvat reaksiya vermək əvəzinə gözləməyi üstün tutdu. Nəticədə dinc nümayişlərin silahlı iğtişaşlara çevrilməsinə şərait yaradıldı.

Maye qazın qiymətinin artırılmasına etiraz edən nümayişçilərin silahı haradan tapmaları da şübhəli məqamdır. Dünyanın hər yerində etirazlar olub, olur və yenə də olacaq. Qazaxstanda isə etirazlar başlayan kimi silahlılar göründü, bank, mağaza və marketlər qarət edildi, hərbçilər və polislər isə hadisələrə müdaxilə etmədilər.

Ardınca güc strukturlarının nümayəndələrinə işgəncə verildi, aeroport və meriyanın binası dağıdıldı, evlər atəşə tutuldu. Sonda ən təhlükəli ssenari baş tutdu. Qazaxstan prezidenti K.J.Tokayev asayişi bərpa etmək üçün KTMT üzvlərindən hərbi yardım istədi. 100-200 nəfər iğtişaş törədəni zərərsizləşdirmək üçün Tokayev Ermənistanın KTMT-yə rəhbərlik etdiyi bir dövrdə ölkəyə kənar qüvvələrimi dəvət etməli idi? Ermənistan əsgəri nə zamandan türk xalqlarının yaşadığı coğrafiyada asayişi bərpa edən olub? Tokayev 30 il ərzində erməni hərbçilərin Qarabağ və Zəngəzurda törətdiklərini və ya onun vəzifə karyerasında müstəsna rol oynayan Nazarbayevin fəaliyyətini görmürdü? 28 il ərzində Qazaxıstanı Rusiyanın təsirindən qorumaq üçün keçmiş prezident Nazarbayevin etdiklərini 2 günün içində məhv edən Tokayev tarixi səhv buraxdı.

Tokayevin son addımı ölkəsinin tarixinə qara hərflərlə yazılacaq hadisə oldu, çünki 28 illik müstəqilliyi dövründə ilk dəfə Qazaxıstan hakimiyyəti asayişi bərpa etməkdə aciz qalaraq, türk dövlətinin ərazisinə başqa ölkənin əsgərini, o cümlədən, Azərbaycanın 44 günlük Vətən Müharibəsində darmadağın etdiyi erməni ordusunun tör-töküntülərini çağırdı. Qazaxıstan prezidenti Tokayevin bu addımı həm də dövlətin suverenliyini şübhə altında qoydu.

KTMT üzvü olan ölkələrin Paşinyanın qərarı ilə Qazaxıstana daxil olması ilə SSRİ-nin Əfqanıstana daxil olması ssenarisi arasında ciddi fərq yoxdur. İstisna deyil ki, indi Qazaxıstanın Əfqanıstana çevrilməsi üçün Rusiyada planlar hazırlanır. Uzun-uzadı yazmaqla oxucunu yormaq istəmirəm, amma Tokayevin işğalçı erməni hərbi birləşmələrini ölkəyə dəvət etməsi birbaşa türk həmrəyliyinə və Türk Dövlətləri Təşkilatına xəyanətdir. Öz xalqının müdafiəsini təşkil edə bilməyən erməni ordusu qazax türklərini hansı sifətlə, necə və kimdən qoruyacaq? Top-tüfənglə Qarabağdan, şillə-təpiklə Zəngəzurdan qovulan 21-ci əsrin fərari ordusuna və onun dabanyalayan komandanına möhtac qalan Tokayev Türk dünyası tarixinə necə düşəcək?

KTMT-nin nizamnaməsi üzv ölkələrin daxili problemlərinin həlli üçün hərbi qüvvənin tətbiqini nəzərdə tutmur. Ümumiyyətlə, ölkənin daxili problemlərini həll etmək üçün NATO-ya “alternativ” kimi yaradılan hərbi gücdən istifadə absurd addımdır. Bu təşkilat ilk növbədə xarici işğalçılardan birgə müdafiəni nəzərdə tutur. Odur ki, bu məsələyə BMT və digər beynəlxalq təşkilatlar da adekvat reaksiya verməlidirlər.

Proseslərdən qazancla çıxacaq tərəf Rusiya və Ermənistandır. Rusiyanın hərbi qüvvələrinin 1-2 saatın içində Qazaxıstana çatdırılması, ssenarinin harada hazırlanmasını ehtimal etməyə əsas verir. Ermənistan isə Nazarbayevdən aldığı zərbələrin əvəzini çıxmış oldu: Elbaşının qulağından tutub, dərs dediyi Paşinyan bu gün Qazaxıstana əsgəri heyət göndərir.

4 il Qazaxstanda ali hərbi təhsil alan şəxs və 1986-cı ilin Almatı hadisələrinin yaxından iştirakçısı kimi tam məsuliyyətlə deyirəm: Qazaxlar suverenliyin itirilməsini və erməni əsgərinin Almatıda silahla poza verməsini Tokayevə heç zaman bağışlamayacaqlar. Qazaxlar bizim üçün qardaş xalqdır, Nazarbayevin dəstəyini daim hiss etmişik. Vətən Müharibəsi günlərində qazax xalqı və ziyalılarının müsbət fəaliyyətlərini də unutmayacağıq. İndi isə biz qazax xalqına bu mərhələni mümkün qədər az ağrı ilə adlamaqda kömək olmalıyıq. Qorxaq hakimiyyətin qanunsuz icazəsi ilə erməni əsgərinin Almatı küçəsində “asayişi bərpa etmək” bəhanəsilə əlində silah sərbəst gəzməsini qazax xalqı qəbul etməyəcək. Qazax türklərini türk düşmənləri qarşısında rəzil vəziyyətə qoymaq istəyənlər, məqsədlərinə nail ola bilməyəcəklər. Bu niyyətə qulluq edənlər, o cümlədən Tokayev gec ya tez layiq olduqları cəzanı alacaqlar.
Tanrı qardaş Qazaxstanı qorusun!

Ədalət Verdiyev

Azvision.az

Diaspora