Doğma yurdla 28 ildən sonrakı görüşün təəssüratı...
Əvvəla, heç nə hiss etmirsən, donub qalırsan. Qaranlıq tunelin sonundakı işığa doğru dayanmadan gedirsən. Nəfəsini belə dərmədən irəliləyirsən. Qaçmağa başlayırsan. Qəfildən qarşıdakı boşluğa baxıb, özündən aslı olmayaraq xəyala dalırsan. Ad yazılmış yerin qarşısında dayanıb, dərindən bir ah çəkirsən. Qeyri-ixtiyarı gözdən yaş süzülür. Düz 28 il yalnız fikirində, xəyalında canlandırdığın, işğaldan azad olmuş doğma yurddur bura... Həmin an sözlə ifadə olunmayan hisslər keçirirsən. Danışmaq istəyirsən, dilin topuq vurur. Görmək istəyirsən, ancaq baxmaqla kifayətlənirsən. Eşitmək istəyirsən, qulağında uğultu əmələ gəlir. Beynindəki fikirlər, düşüncələr hamısı qarışır. Elə ifadə etməyə çalışdığım bu dolaşıq fikirlər kimi...
İyulun 3-də yerli və xarici media nümayəndələri ilə birgə Qarabağa səfər etdik. Səfər zamanı Zəngilan rayonunun Ağalı kəndində tikintisi davam etdirilən “Ağıllı kənd” layihəsi ilə tanış olduq. Fürsətdən istifadə edib, səfərdə iştirakıma təşəbbüs və dəstək göstərən hər kəsə, proqramın təşkilatçılarına öz minnətdarlığımı bildirirəm.
Qubadlıdan çıxanda cəmi iki yaşım olub. Müharibənin qoxusunu, qorxusunu, necə deyərlər, lap bələkdən hiss edib, yaşamışam. Doğma yurd, vətən haqda evdə valideynlərimlə tez-tez danışardıq. Daha sonra rayonun 1990-cı illərdəki videolarına baxır, necə bir yer olduğunu öyrənirdim. Ən çox diqqət etdiyim isə rayona hansı yollarla getmək idi. Atamla söhbət zamanı həmişə deyirdi ki, Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinə çatdınsa, ordan cəmi 5-6 km sonra Qubadlının kəndlərinə keçirsən. Ağalıda kiçik də olsa, üçtərəfli yol var. O yolun biri Məmmədbəylidən gəlib, Qubadlının Zilanlı kəndinə gedir, biri də Zəngilan rayonunun mərkəzinə...
Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun yenilməz gücü hesabına torpaqlarımız işğaldan azad olundu. Bu yolda canını qurban verən, şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu qarşısında baş əyirəm. Döyüşlərdə yaralanan qazilərimizə şəfa diləyirəm. Məhz onların – qəhrəman hərbçilərimizin cəsurluğu, dönməzliyi, qələbəyə doğru “öldü var, döndü yoxdu” inadkarlığı nəticəsində torpaqlarımız işğaldan azad olub.
Qismətimdə düz 28 il sonra ata yurdum, ana yurdum, vətənim, həmişə söhbətlərimizin mövzusu olan Qubadlıya getmək varmış. Videolardan izlədiyim, evdəki söhbətlərdə eşitdiyim yolları indi xəyalımda deyil, real olaraq gedirdim. Zəngilan rayonunun Məm-mədbəyli kəndini keçdikdən sonra həmin yolları sanki 28 il hər gün gedirmişəm kimi maşınla getdik. Ağalı kəndinə çatdıqda həmin 3 yolu gördüm. Kənddə düşdük. Ağalı kəndində tikinti işləri aparanlarla həmsöhbət olduq. Tikintinin gedişindən, kəndin vəziyyətindən, səfalı yer olmasından danışırdıq. Ancaq fikrim Qubadlıda idi. Qəfildən ustalardan biri Qubadlının Xanlıq kəndinin adını çəkdi. Bu yerlərə bələd adam idi. Qubadlıya qədər olan məsafəni onunla da dəqiqləşdirdim. Əlini 3 yolun sağ tərəfinə uzadaraq buradan cəmi 6 kilometr sonra Qubadlının kəndlərinin başladığını dedi.
Söhbətimizi yekunlaşdırıb, üzü Qubadlıya tərəf yol aldıq. Ürəyim tez-tez döyünməyə başladı. Havanı ciyərlərimə çəkib buraxmamaq istəyirdim. Axı bu hava 28 illik yurd həsrətinin havası vardı. Bir az irəlilədikdən sonra yolun sağ tərəfində hündür bir yerdə kiril əlifbası ilə yazılmış “QUBADLI” sözü diqqətimi çəkdi. Anidən özümü itirdim, sürücüyə sevincimdən qışqıra-qışqıra, “axırı ki yurdumun adını gördüm” - dedim. Maşından düşən kimi həmin yerə qaçdım.
Kaş o yazının dili olaydı... Bu illərin acısını, ağrısını, bir sözlə də olsa, ifadə edə biləydi. Qubadlı adına doğru qaçırsan, öpüb-qucaqlamaq, bağrına basmaq istəyirsən. Göz yaşı da sözə baxmır. Müxtəsər, Vətənə qovuşmaq hissini doyunca yaşayırsan. Kirillə yazılmış Qubadlı sözü rayonun Zilanlı kəndi ərazisində yerləşir. Bu yazı rayonun ermənilər tərəfindən işğalından əvvəl də vardı. İndi həmin yazının əvvəlki vəziyyətini qorumaq şərtilə təmir edib, olduğu kimi saxlayıblar. Bu da bir tarixdir!
Daha sonra rayon mərkəzinə doğru yol aldıq. Kəndlərin çox hissəsi erməni vandalları tərəfindən ya yandırılıb, ya da birdəfəlik sökülüb, dağıldılıb. Aşağı Mollu kəndinə çatmamışdan əvvəl körpüdən keçirik. Həkəri çay öz çılğınlığı ilə axır. Bəlkə, o da öz el-obasının sakinlərini görüb sevincini belə göstərirdi. Kəndin adı yazılmış lövhənin yanında birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş qəhrəmanların şəkilləri ilə yanaşı, xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərin də şəkilləri yerləşdirilib. Qaçaq Nəbi Aşağı Molludan, Həcər isə Yuxarı Molludandır. Qubadlı əhalisinin sözlərinə görə, işğaldan əvvəl də Aşağı Mollunun girişində Qaçaq Nəbinin şəkli olan bir lövhə varmış. Həmin yolun biri rayon mərkəzinə, digəri isə Qubadlının yuxarı kəndlərinə gedir. Yuxarı Mollu atamgilin də kəndidir. Mina təhlükəsi səbəbindən kəndə gedə bilmirik.
Qubadlı şəhərinə çatana qədər Qəzyan, Saray və digər kəndlərdən keçdik. Qəzyan - Qubadlıda ermənilərə qarşı vuruşan "Pəhləvanlar taboru"nun komandiri, dəstəsi ilə bir gündə düşmənin üç hərbi helikopterini məhv edən, Laçının 40 kəndini işğaldan azad edən, tək Qubadlı rayonunun deyil, Azərbaycanın qəhrəman oğluna çevrilən Əliyar Əliyevin doğulub boya-başa çatdığı kənddir. Birinci Qarabağ savaşına könüllü qoşulan, sonradan batalyon komandiri olan Əliyar Əliyev, sözün əsl mənasında, ermənilərə divan tutub. Xocalı faciəsindən sonra Gorus istiqamətində Əlyarın batalyonunun məhv etdiyi erməni quldurlarına Ermənistanda 3 gün yas tutublar. Bu əməliyyatdan sonra ermənilər Əliyara və onun 3 döyüşçü yoldaşına ölüm hökmü çıxarıblar. Əlyar Əliyev 1992-ci ilin oktyabrın 3-də Laçın rayonunun iki kilometrliyində, Tikanlı zəmi yüksəkliyi uğrunda döyüşdə sürücüsü ilə birlikdə şəhid olub. Vaxtilə Əlyar Əliyevin şagirdi olmuş general-mayor Mais Bərxudarov Vətən müharibəsində döyüşçüləri ilə birlikdə vuruşaraq müəlliminin qisasını alıb.
Ərazi minalardan və partlayıcı qalıqlardan təmizlənir. Hərbçilərin tövsiyəsinə əməl edərək irəli getmədik. Amma uzaqdan da olsa, vaxtilə yaşadığımız binanı gördüm. Həmin bina “Beşmərtəbələr” adlanan yerdədir. Eşitdiyimə görə, əhali rayon mərkəzini şərti olaraq iki hissəyə ayırırmış: birinə köhnə Qubadlı, digərinə yeni Qubadlı deyirmişlər. “Beşmərtəbələr”dəki binamızla bağlı valideynlərimdən eşitdiklərimi xatırlayıram: “1993-cü ilin yayında ermənilər mülki əhalini hədəf seçərək rayon mərkəzinə raketlər yağdırırdılar. Əhali çıxsın, kommunikasiyalardan istifadə edə bilməsin deyə, rayonun əsas enerji blokunu partladırlar. Daha sonra isə o fəlakətli gün gəlir. Raketin biri düz bizim beşmərtəbənin həyətinə düşür, binanın demək olar ki, bütün pəncərələrinin şüşələri cilik-cilik olur. Birinci mərtəbədə yaşayan qonşumuz maşınına baxmaq üçün blokun qarşısına çıxanda qəlplərdən biri ona dəyir və yerindəcə dünyasını dəyişir. Ermənilər tez-tez rayon mərkəzini atəşə tutduqları üçün sakinlər binanın zirzəmisində sığınacaq düzəldiblərmiş və hər dəfə raket zərbələri zamanı həmin zirzəmiyə düşürmüşlər. Bilmirəm, tanrının sevimli bəndələriyik, ya qismətdir, həmin gün bir qonşumuzdan başqa hamı sağ-salamat ordan çıxa bilib. Ermənilər avqust ayına qədər rayon mərkəzini raketlərdən və ağır texnikadan atəşə tuturdular. Nəhayət, əliyalın əhali rayonu tərk etmək məcburiyyətində qaldı”.
Acı xatirələr yada düşsə də, Qubadlını 30 ilə yaxın bir müddətdən sonra görmək bütün kədərin, üzüntülərin hamısını unutdurdu. Sonda isə “Qubadlı” sözünün yanında şəkil çəkdirdim. Və Qubadlı ilə bu şəkildə monoloqum oldu:
Öncə VƏTƏN - Qubadlı
“Bura mənim ata yurdumdu, bura mənim ana yurdumdu, bura mənim Vətənim - Qubadlıdır! Çəkdirdiyim bu şəkil 28 illik həsrətin özüdür. Bu şəkil həsrətlə vüsalın barış evidir. Bu şəkil yurdla insanın qovuşmasıdır. Bu şəkil məcburi köçkünlüyün sonudur. Bu şəkil baxmaqla görmək arasında olan fərqin özüdür. Bu şəkil Vətənə qovuşmağın sözü yox, məhz özüdür. Azadlığın mübarək, Qubadlım!”.