Qlobal cəhalət

Qlobal cəhalət backend

Koronavirus pandemiyası cəhalətin qlobal problem olduğunu üzə çıxartdı.

Heç yerdə adamlara virusdan qorunmağın yollarını öyrətmək bəs eləmədi, hər yerdə kimlərisə virusdan qorunmağa məcbur eləmək də lazım gəldi.

Bütün hökumətlər virusdan peyvəndlənməyi adamların öz ixtiyarına buraxdılar, sonra yavaş-yavaş elə qaydalar qoymalı oldular ki, adamlar peyvəndlənməyə məcbur da olsunlar.

Peyvəndlər haqqında ən gülünc uydurmalara belə inanan o qədər adam tapıldı ki, axırda bu qarayaxmaları ən ciddi kütləvi informasiya vasitələrində də təkzib eləməyə ehtiyac yarandı. Bu təkziblər hələ də verilir, çünki ehtiyac aradan qalxmayıb.

Elə adam qalıbmı virusa yoluxmaqdan çəkinəndə ya bir lağlağı sözlə, ya bir kinayəli baxışla rastlaşmasın?

Yoluxmaq-yoluxdurmaq istəmədiyinə görə üzvü olduğu ailənin, nəslin, millətin, dinin, ya bir kollektivin, dərnəyin, təşkilatın hansısa adət-ənənəsinə əməl eləyə bilməmiş adam varmı ondan inciməsinlər?

Hansımız karantin qaydasını pozmaq istəməmişik?

O hansı hökumətdi virusun ucbatından tətbiq elədiyi məhdudiyyətə görə qınağa tuş gəlməyib?

Dövlətin, hökumətin tələbi, qanunun qorxusu, ya işçilərinin şikayəti olmasaydı neçə şirkət öz maddi mənafeyinin ziddinə iş rejimində könüllü güzəştlərə gedərdi?

Hamının başa düşməli olduğu sadə həqiqətlər, görəsən, niyə belə çətin dərk olunur?

Hamının təkan verməli olduğu işlər, görən, niyə bu qədər müqavimətlə qarşılanır?

Qlobal cəhalətdi bu. Allah bilir, virusun öldürdüyü adamların neçəsi həm də bu cəhalətin qurbanı olub.

Bu cəhalət olmasaydı, hökumətlər virus təhlükəsi aradan qalxmamış məhdudiyyətləri yumşaltmazdılar.

Cəhalətin təzyiqi, təkidi olmasaydı, dünyada virusla mübarizənin planını cızan adamlar daha rahat, daha sərbəst düşünüb, daha ürəkli davranıb bizi ölümdən qurtarmağın indikindən nə qədər də olmasa bir az yaxşı yollarını tapardılar.

Koronavirusla mübarizə təkcə infeksiyayla yox, həm də cəhalətlə mübarizə şəklində gedir. Qlobal epidemiya başlanandan qlobal cəhalət də baş qaldırıb, Allaha şükür ki, bunun qarşılığında qlobal maarifçilik də işə düşüb.

Dünya bu ağrılı dövrü yeni immunitetlə və yeni maariflənməylə – yeni dünyagörüşü, yeni dərrakə, yeni qanacaqla başa vuracaq.

Ümid eləyək ki, cəhalətin sonrakı qalıqlarıyla mübarizəni pandemiyalarsız da aparmaq mümkün olacaq.

Azər Qaraçənli

novator.az

Diaspora