“Ürəyim yanır, danışıram. İstisnalar olmaqla sahə göstərilsin ki, orada rüşvət, özbaşınalıq və libasını dəyişmiş korrupsiya yoxdur. Desinlər ki, görək harada büdcə talançılığı yoxdur, oğurluq etmirlər, vəzifələrini isə qanunda yazılan kimi edirlər? Qoy, mətbuatda çıxış edib desinlər ki, mən siz deyən kimi deyiləm, əmək haqqımla dolanıram, sərvətim aylıq maaşımla formalaşıb. Qoy, mən də öyrənim onu, qoy, vətəndaşlar da öyrənsin ki, maaşla məmur necə milyoner olur, min, on min, yüz min hektarlarla torpaq sahəsinin sahibi olur, meşələri, dənizi hasarlayır, əmək haqqı ilə onlarla, yüzlərlə mülk, zavod, fabrik sahibi olur, maaşla xaricdə adaları necə alır? Bu ölkənin əksəriyyət vətəndaşı bu qədər sərvət istəmir, normal və ədalətli həyat istəyir”.
Cebhe.info xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, ona görə belə danışır ki, cənab Prezidentin tapşırıqları da xalqı razı salacaq səviyyədə yerinə yetirilmir:
“Hər çıxışında nə qədər xəbərdarlıq edilir. Prezident təyinat edir, amma insanın içini görmək olmur axı. Sonrakı addımlar yalnız Prezident İlham Əliyevin məsuliyyəti deyil. Biz deputatlar da çılpaq həqiqətləri deməliyik. Ölkə yağlı əppəkdir, daraşıb talayırlar. Biznes imtiyazla, iş imtiyazla, vəzifəyə təyin etdirmə kimlərinsə monopoliyasında, hara əl atsan, hamısı tutulub, qalanları ac qalmamaq, ölməmək üçün yaşamalıdır. Xahişsiz, minnətsiz əppəyi parçalayırlar.
Xahiş edən mənim, sənin kimi olur, onun da bir xahişini ala başına-kül başına edib yola verirlər, qalanını bəhanələrlə etmirlər, seçiciyə görə minnət də qoyurlar. Bu ölkəni talayanların, bu ölkənin varidatını oğurlayanların, bu ölkədə qeyri-qanuni yollarla varlananların bu dövlətin qurulmasında ya rolu yoxdur, ya da azdır. Bu qurulan dövlətin saxlanılmasında bizim və sizin kimi əli qabarlı, alnı tərli, ömrünü qorxu-hürkü içində keçirənlərin, gözünü açandan məşəqqətlər içində və məvaciblə yaşayanların, dövləti və dövlətçiliyi qoruyanların rolu və haqqı var.
Deputat əlavə edib ki, oğurluq, yalançılıq, şişirdilmiş tərif, layiq olmayan adamın qabağında əyilmək, yaltaqlıq cəmiyyəti inkişaf etməyə qoymur:
“Arxasında güclü məmur əli olmayan bir çox müəssisələr normal işləyə bilmir, yaxud bağlanır. Neçə biznesmenin zavodu, fabriki əlindən alınıb, biznesini təhvil verib, qaytarın onları özlərinə, qoy bu ölkəyə iş adamlarının, sərmayəçilərin inamı yaransın. Əvvəlki dövrlərdə bilirsinizmi neçə iş adamının evini yıxıblar? O ev yıxanların xeyli hissəsi əlini-qolunu uzadıb gəzir.
Neçə iş adamını qəbul edirəm, birinin 2, 3, 5, 10, 20 milyonunu, birinin on milyonlarla dəyərində olan obyektlərini, birinin zavodunu, birinin fabrikini, birinin pul gətirən biznesini tutub alıblar. Qardaşım, DTX əməliyyat keçirir, seyflərdə, evlərdə, xaricdə, daxildə pulların da xeyli hissəsini müsadirə edir, qalanını da sonrakı mərhələlərdə başqaları edir. DTX-nin vəzifəsi bitdi. Bəs sonra?
Ağzınacan dolu şkaf və seyflər götürülür. Niyə o zərərçəkənlərin pullarını qaytarmırsınız? Zərərçəkənləri gətirib üzə durdurursunuz, pullarını geri vermirsiniz? Həbsdən sonra bütün instansiyalarda pulların mənimsənilməsi gedir. Bilirsiniz ki, artıq inamını itirmiş, qəbullarda gözləmək, şikayət ərizəsi yazmaq istəməyən nə qədər zərərçəkən var ki, yaxın gəlməyib? Çünki bilir ki, çox şey gözə kül üfürməkdir. Onlar sadəcə, istifadə olunmaq üçün alətlərdir və zorla əllərindən alınanın yarısını yenə də ancaq rüşvətlə geri qaytara bilərlər.
Biz dövlət qurmamışıq ki, onu bu şəkildə talan etsinlər. Vəzifə daşıyanların xeyli hissəsinin heç bir haqqı yoxdur, amma özlərini elə aparırlar və elə dağıdıb yeyirlər ki, elə bil bu dövləti onlar qurub və şəxsi məqsədlər üçün. Xeyr, bu dövləti quranların çoxu nimdaş kostyumda və möhtac yaşayır, qurulan dövlətin qorunmasında iştirakı olmayanların qəbulunda boynunu bükür. Biz Ermənistanla müharibəni qazandıq, indi daxildə müharibə elan etmək və normal cəmiyyət quruculuğuna mane olanları cəzalandırmaq zamanıdır”.