Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib

Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib backend

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

"Report"a daxil olan məlumatda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən insan hüquq və azadlıqlarına daim xüsusi önəm verilərək bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatlar aparılır.

Bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə almış və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə etmişdir.

Azərbaycan Respublikasının Prezidentinin tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilmişdir.

İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilmişdir.

M.Hüseynov hazırda hər hansı aclıq aksiyası keçirmir, saxlanma şəraiti normal olmaqla, bununla bağlı şikayət və tələbi yoxdur.

Azərbaycan Respublikasının Baş Prokurorluğu şəxsi mənafe və siyasi məqsədləri naminə M.Hüseynovun ətrafında süni ajiotaj yaratmağa cəhd edənlərə, eyni zamanda M.Hüseynov haqqında həqiqətə uyğun olmayan məlumatlar yayan kütləvi informasiya vasitələrinin redaksiyalarına xəbərdarlıq edərək bildirir ki, ölkəmizdə bərqərar olmuş sabitliyin və əmin-amanlığın pozulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun aliliyi təmin edilməklə qətiyyətlə alınacaq".
Diaspora