Bu gün keçirdiyimiz görüş əsnasında görülmüş işlər təhlil edildi, gələcək işlər barədə fikir mübadiləsi aparıldı. Bizim ticarət dövriyyəmiz artmalıdır, artır və artmağa da davam edir.
Axar.az xəbər verir ki, bu sözləri İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla keçirilən birgə mətbuat konfransında bildirib. Dövlət başçısı bildirib ki, qarşılıqlı sərmayə qoyuluşu davam etdiriləcək:“Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 13.9 milyard dollar sərmayə qoyub, Türkiyə şirkətləri isə Azərbaycana 12 milyarddan çox vəsait yatırıblar. Bu böyük rəqəmlər əslində bizim əlaqələrimizi göstərir, çünki yalnız qardaş ölkələrə bu qədər sərmayə qoyuluşu həyata keçirilə bilər. Biz birlikdə, xalqımız, ölkələrimiz və dünya üçün böyük əhəmiyyət daşıyan enerji layihələrini həyata keçiririk. Ötən ay Əskişəhərdə TANAP-ın açılışında bərabər olmuşuq. Bu təbiidir və bu çox böyük bir məntiqə əsaslanır. Çünki TANAP-ın təməlini birlikdə qoymuşuq. 2012-ci ildə İstanbulda aramızda imzalanmış TANAP üzrə saziş artıq gerçəkləşdi və bu tarixi layihəyə artıq start verildi. Cənub qaz dəhlizi layihəsinin icrası başa çatır və TANAP-ın başa çatması bu istiqamətdə atılan böyük addımdır. Əvvəlki illərdə də böyük enerji layihələri birlikdə həyata keçirilib. Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib edir. Nəqliyyatla bağlı layihələr həm ölkəmizi gücləndirir, eyni zamanda qitələr arasında sağlam bağlantı yaradır. Yəni, bizim birgə səylərimiz nəinki ölkələrimiz üçün, eyni zamanda bütün bölgə və Avrasiya üçün çox böyük əhəmiyyət daşıyır. Türkiyə-Azərbaycan birliyi, dostluğu regional sabitlik, regional istiqrar üçün böyük fayda verir. Əminəm ki, birgə səyimiz nəticəsində bölgədə sülh yaranacaq.