Dünən Vergilər Nazirliyi xarici taksi şirkətlərinin ödənişlərinin dekabrın 1-dən ƏDV-yə cəlb olunacağını bəyan edib.
Artıq Azərbaycan bankları müştərilərini bu barədə məlumatlandırmağa başlayıb. Plastik kart sahiblərinə göndərilən SMS-lərdə dekabrın 1-dən xarici şirkətlərin taksi xidmətinin 18% bahalaşacağı, yəni hesabdan əlavə pul çıxılacağı bildirilir.Axar.az xəbər verir ki, bəziləri bu qərarın taksi xidmətini bahalaşdıracağı ilə bağlı narahatlığını bildirib. Halbuki Vergilər Nazirliyinin qəbul etdiyi qərar yerli taksi xidmətlərinə aid deyil. Dekabrın 1-dən bahalaşma yalnız UBER xidmətində olacaq.
Məsələ burasındadır ki, UBER taksi xidməti ilə "Yandex.Taksi”nin birləşəcəyi barədə bir müddət öncə informasiya yayılmışdı. Müqaviləyə əsasən, hər iki şirkətin MDB məkanında fəaliyyət üçün ortaq kompaniya yaratması nəzərdə tutulur. Birləşmədən sonra ümumi nəzarətin erməni əsilli Rusiya vətəndaşı Tiqran Xudaverdiyana keçəcəyi gözlənilir.
Vergilər Nazirliyinin bu qərarından sonra isə Xudaverdiyanın nəzarətinə keçəcək şirkətin Bakıda fəaliyyəti heç də rahat olmayacaq.
Vergilər Nazirliyindən Axar.az-a verilən məlumata görə, sözügedən qərar tam qanunauyğundur və Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən həyata keçirilib:
“Bu dəyişiklik qanunla tənzimlənir. Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir”.
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, ölkədə fəaliyyət göstərən hər bir şirkət vergi verməlidir:
“Fəaliyyət göstərərkən qazanc əldə edən hər bir şirkət vergi verməlidir. Şirkət birdən-birə, baza hazırlığı olmadan belə bir tələblə qarşılaşdıqda isə ola bilər ki, müəyyən texniki problemlər yaşasın. Vergilər Nazirliyi tələb və ya inzibati təzyiqlər vasitəsilə ƏDV-yə cəlb etməyi düşünsə, bu, sözügedən şirkətin həqiqətən bazarı tərk etməsinə səbəb ola bilər. Hər şey Vergilər Nazirliyinin həmin şirkətlərlə apardığı danışıqlardan və ya münasibətin nəticəsindən asılı olacaq”.
Digər məqam isə UBER-in bahalaşması, əvəzində isə yerli taksi şirkətlərinin qiymətindəki stabillikdir. Bu da istər-istəməz rəqabətdə yerli şirkətlərin üstünlüyünü təmin edəcək.
Qeyd edək ki, artıq Bakı Nəqliyyat Agentliyi "Yandex.Taksi” və "Uber” şirkətlərinin Azərbaycanda ortaq biznes aparmasını əngəllənəcəyini bildirərək, sürücüləri erməni biznesmenlə ortaq olan UBER-lə əlaqəni kəsməyə çağırmışdı.