Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda respublika müşavirəsi keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda respublika müşavirəsi keçirilib backend

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı.

- Biz bugünkü müşavirədə ölkəmizdə çay, çəltik, sitrus meyvələri istehsalının inkişafı məsələlərini müzakirə edəcəyik. Şadam ki, son vaxtlar ölkəmizdə bu sahələrə dövlətin dəstəyi hesabına diqqət artır. Bu, çox sevindirici haldır. Ümumiyyətlə kənd təsərrüfatının hər bir sahəsi bizim üçün çox önəmlidir və son illər ərzində bu sahəyə göstərilən diqqət öz nəticəsini verir.

Əlbəttə, ilk növbədə, biz ərzaq təhlükəsizliyi məsələlərini həll etməli idik və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Bununla bərabər, biz kənd təsərrüfatının bütün ənənəvi sahələrini inkişaf etdirməli idik. Əslində 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının da əsas məqsədi bundan ibarət idi ki, regionlar inkişaf etsin, regionlarda infrastruktur layihələri icra edilsin, sahibkarlıq üçün şərait yaradılsın və ölkə iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf etsin. Bu gün tam əminliklə deyə bilərik ki, biz bu məqsədlərə çatmışıq. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ona görə, 2004-cü ildə və ondan sonra 2009-cu və 2014-cü illərdə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çox konkret proqramlar idi. Proqramların icrası nəticəsində bütün bölgələrdə, hər bir rayonda çox sürətli inkişaf getmişdir və bu gün də bu inkişaf davam edir.

Bu illər ərzində biz iqtisadi inkişafımızın əsasını qoyduq. Çünki proqramın icrasına başlayarkən Azərbaycanda vaxtilə yaradılmış infrastruktur demək olar ki, köhnəlmişdi. Biz özümüzü elektrik enerjisi ilə, qazla təmin edə bilmirdik, idxaldan asılı idik. Belə olan halda, sənayenin, kənd təsərrüfatının inkişafından söhbət gedə bilməzdi. Biz, ilk növbədə, inkişaf üçün baza yaratdıq. Son illərdə 20-dən çox elektrik stansiyası tikilib. Biz indi nəinki özümüzü təmin edirik, elektrik enerjisini xarici ölkələrə də ixrac edirik.

Azərbaycanda qazlaşdırma çox aşağı səviyyədə idi. Xatırlayıram, 2000-ci ildə parlament seçkiləri ərəfəsində mən Lənkəran rayonuna gəlmişdim. O vaxt vətəndaşlarla görüş zamanı ən çox qaldırılan məsələ təbii qazın olmaması idi. Mən o günləri xatırlayıram. Ancaq bu gün Lənkəran rayonunun təxminən 90 faizi qazlaşdırılıb. Ölkə üzrə isə qazlaşdırma 93 faizə çatıbdır. Növbəti illərdə bütün bölgələrdə qazlaşdırma işləri davam etdiriləcəkdir. Biz təbii qazı ixrac etməyə başlamışıq və ölkəmizə çox lazım olan valyuta gəlir.

Biz son illər ərzində 11 min kilometrdən çox yol salmışıq və dünən də bir neçə yol layihəsinin açılışını etdik. Bu yollar bütün bölgələri bir-biri ilə bağlayır. Şəhərlərarası yollar, magistral yollar, qonşu ölkələrlə əlaqə yaradan yollar, kənd yolları ilə bağlı işlər çox geniş vüsət alıbdır. Bu, həm sosial layihələrdir, eyni zamanda, iqtisadi layihələrdir. Çünki fermerlər, sahibkarlar yaxşı bilirlər ki, yol olmadan inkişafdan söhbət gedə bilməz. Çünki gözəl yol kənd təsərrüfatının da, turizmin də inkişafına çox böyük təkan verir. Bu gün biz bunu əyani şəkildə görürük. Bir sözlə, biz sürətli iqtisadi inkişaf üçün əvvəlki illərdə yeniləşmiş, müasir infrastruktur yaratdıq ki, bundan sonra bunun əsasında uğurla inkişaf edə bilək.

Bununla paralel olaraq sosial infrastruktur məsələlərinə də böyük diqqət göstərilmişdir. Əlbəttə, bunun da çox böyük mənası var. Çünki həmişə qeyd etdiyim kimi, bu gün də qeyd etmək istəyirəm ki, bütün işlərimizin, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır. Ona görə sosial məsələlərin həlli, xüsusilə təhsillə, səhiyyə ilə bağlı məsələlər həmişə bizim üçün prioritet olmuşdur. Son illərdə 3 mindən çox məktəb, 600-dən çox tibb mərkəzi yaradıldı və onlar bu gün insanlara xidmət göstərir. Eyni zamanda, bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır. Biz artıq bunu da görürük ki, əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıbdır, eyni zamanda, əks proses də başlayıb. İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb.

Yenə də qeyd etmək istəyirəm, əgər vaxtilə biz infrastruktur layihələrinə böyük vəsait ayırmasaydıq, bu gün inkişaf o qədər də sürətli olmazdı. Biz son illərdə ölkəmizdə işsizliyin kəskin azalmasına nail olduq və Azərbaycan bu göstəriciyə görə dünya miqyasında qabaqcıl yerlərdədir. Azərbaycanda işsizlik təqribən 5 faiz səviyyəsindədir. Xüsusilə bu gün bu qədər ki, inkişaf var, kənd təsərrüfatına bu qədər vəsait qoyulur, son 2 il ərzində minlərlə ictimai iş yeri yaradılıbdır, işləmək istəyən özü üçün iş tapar. Yaradılan 1 milyon 600 mindən çox iş yeri də bizim siyasətimizin əlamətidir, onun təzahürüdür.

Fermerlərin, sahibkarların işini yüngülləşdirmək üçün bir çox önəmli tədbirlər görülmüşdür. İlk növbədə, onlara maddi resurs verilməli idi. Biz də bunu edirik. Son illər ərzində sahibkarlara dövlət tərəfindən iki milyard manatdan çox güzəştli kreditlər verilmişdir və əlbəttə, sahibkarlar da öz vəsaitlərini qoyublar. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən 4 milyard manat, bəlkə də ondan da çox vəsait qoyulmuşdur. Kreditlər əsasən regionlara, kənd təsərrüfatına, emal sənayesinə ayrılıbdır. Metodik tövsiyələr verilir. Mən sahibkarlarla mütəmadi olaraq görüşürəm, onlara öz dəstəyimi verirəm. Bilirsiniz ki, yoxlamaların da sayı kəskin şəkildə aşağı düşüb. Yəni, biz şərait yaradırıq ki, sahibkarlar qurub-yaratsınlar, yeni iş yerləri, yeni sənaye sahələri yaratsınlar və Azərbaycanda istehsal, ixrac artsın, idxal azalsın. Biz bunu görürük. Bu ilin 7 ayında ticarət dövriyyəmizin müsbət saldosu əhəmiyyətli dərəcədə artıbdır. Yəni, biz daha çox ixrac edirik, nəinki idxal. Biz 7 ay ərzində valyuta ehtiyatlarımızı böyük dərəcədə artıra bilmişik. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı səviyyədədir, biz 7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq. Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bax, bu rəqəmlər bunun bariz nümunəsidir.

Bir sözlə, 2017-ci ildə də Azərbaycan uğurlu inkişaf dinamikasını saxlayır, onu möhkəmləndirir, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atır. Beləliklə, biz gələcək inkişaf üçün də gözəl şərait yaradırıq.

Kənd təsərrüfatının inkişafı isə bizim üçün prioritet sahədir. Hesab edirəm ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur. İlk növbədə, əgər biz vergi siyasətinə nəzər salsaq görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olunublar, təkcə torpaq vergisindən başqa. Əlbəttə ki, bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır. Dünən təsərrüfatlarla tanış olarkən mən yeni texnikanı da gördüm. Bu texnikasız kənd təsərrüfatını inkişaf etdirmək, ümumiyyətlə, mümkün deyil. Bu il Azərbaycana 10 min ən müasir texnika gətirilib. Fermerlərə subsidiyalar verilir. Qeyd etdiyim kimi, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır. Yəni, sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir və biz bunun nəticəsini də görürük. Sahibkarlar da, fermerlər də bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarılır. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görüləcək.

Azərbaycan ictimaiyyəti bilir ki, son vaxtlar kənd təsərrüfatının müxtəlif sahələri üzrə dövlət proqramları qəbul edilmişdir. Bu proqramlar çox konkret proqramlardır. Orada bütün tapşırıqlar verilib, maliyyə təminatı təşkil edilib. Biz bu proqramların icrası nəticəsində kənd təsərrüfatının da şaxələndirilməsinə nail olacağıq.

Ərzaq təhlükəsizliyi əlbəttə ki, bizim üçün əsas məsələlərdən biridir. Son illər ərzində bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Bizim üçün ənənəvi olmayan sahələri inkişaf etdirmişik. Biz əvvəlki illərdə - sovet dövründə əti, südü, toyuq ətini Azərbaycana başqa respublikalardan gətirirdik. Bu gün bu sahələr üzrə çox böyük inkişaf var. Ət istehsalı təxminən 100 faiz səviyyəsində daxili imkanlar hesabına təmin edilir. Toyuq əti 100 faiz, hətta ixrac edirik. Süd isə 80 faiz daxildə istehsal olunur. Görüləcək tədbirlər nəticəsində biz 100 faiz səviyyəsinə çatacağıq.

Bizim üçün ənənəvi olan sahələr də bu gün uğurla inkişaf etdirilir. Pambıqçılıq. Biz pambıqçılığın şöhrətini bərpa etdik. İki il ərzində çox böyük işlər görüldü. Pambıq sahələri 17 min hektardan 136 min hektara çatdırıldı. İki müşavirə keçirildi – Sabirabadda və Saatlıda. Tütünçülük, fındıqçılıq, baramaçılıq sürətlə inkişaf edir. Qax rayonunda müşavirə keçirildi və tütün sahələri 3200 hektara çatdı. Fındıq bağlarının sahəsi 55 min hektara çatdı, 80 min hektara çatacaq. Barama istehsalı isə indi ölkəmizin bütün bölgələrində geniş vüsət alıb. Dünən Lənkəranda tut tingləri sahəsinə də baxış keçirdim. Görürəm ki, Lənkəranda da bu sahəyə böyük maraq var. Baxmayaraq ki, sovet vaxtında baramaçılıq Lənkəranda və bu zonada inkişaf etdirilmirdi. Bu sahələrin inkişafı məşğulluğu artırır, idxaldan asılılığı azaldır, ixrac potensialımızı gücləndirir. Bizim məqsədimiz bundan ibarətdir.

Bugünkü müşavirədə isə bizim üçün ənənəvi olan çayçılıq və çəltikçilik sahələrinin inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyik. Azərbaycanda bu sahələrin böyük ənənələri var. Eyni zamanda, cənub zonasının ənənəvi kənd təsərrüfatı məhsulu sitrus meyvələridir. Son vaxtlar bu istiqamətdə də önəmli addımlar atılır. Əminəm ki, bugünkü müşavirədən sonra bu üç önəmli sahənin inkişafına yeni təkan veriləcək. Çünki dövlət artıq bu sahələrə öz dəstəyini çox ciddi şəkildə ortaya qoyur.

Onu da qeyd etməliyəm və bizim təcrübəmiz göstərir ki, dövlət dəstəyi olmadan kənd təsərrüfatı uğurla inkişaf edə bilməz. Çünki dövlət bütün lazımi tədbirləri görür, vəsait qoyur, infrastruktur yaradır, texnika ilə, gübrələrlə təmin edir, laboratoriyalar təşkil edilir. Bütün ölkə üzrə toxumçuluq, baytarlıq, aqrokimya laboratoriyaları təşkil olunub. Metodik tövsiyələr verilir. Eyni zamanda, bu yaxınlarda yaradılmış tədarük-təchizat qurumu da fermerlərə kömək göstərir, məhsulu onlardan alır. Ona görə bu üç ənənəvi sahəyə çox böyük diqqət göstərilir və göstəriləcək. Əminəm ki, müşavirənin nəticəsində biz bu sahələrdə daha da sürətli inkişafı görəcəyik.
Diaspora