Müharibəni başlamaq asandır, amma bitirmək çətindir - Prezident

Müharibəni başlamaq asandır, amma bitirmək çətindir - Prezident backend

Müharibəni başlamaq asandır, amma bitirmək çətindir.

Qaziler.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bu gün yeni müharibələrin meydana çıxmasına şahidlik etdiklərini bildirib:

"Müharibəni başlamaq asandır, amma bitirmək çətindir. Bu baxımdan Azərbaycanın təcrübəsinə gəldikdə mübarizəmiz düzgün idi. Biz dayandıq və sülhü təklif etdik. Müharibədə olan tərəflər bunu tədqiq etməlidirlər. Bu onlara müharibənin dayandırılması üçün kömək edər. Bu baxımdan təcrübəmizin çox dəyərli ola biləcəyini düşünürəm. Münaqişələr mahiyyətcə bir-birindən fərqlənir, amma əksər hissəsi bir-biri ilə bağlıdır. Bu iddialardır, təcavüzdür, üstünlük, cəzasız qalmaq düşüncəsidir. Bu bizim vəziyyətdə 30 ildən artıq çəkdi. Lakin biz buna son qoyduq. Bunu beynəlxalq hüquqa uyğun olaraq etdik".

İlham Əliyev həmçinin vurğulayıb ki, mühüm məsələlərdən biri qərarların implementasiyası mexanizmi olmalıdır:

"Biz hazırda BMT-də islahatlar barədə danışırıq. Mən təfərrüatlara varmaq istəməzdim, amma hesab edirəm ki, mühüm məsələlərdən biri qərarların implementasiyası mexanizmi olmalıdır. Söhbət BMT Təhlükəsizlik Şurasının qətnamələrindən gedir. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib və həmin sənədlərdə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələb olunurdu. Lakin həmin qətnamələr icra olunmadı. Ermənistan üzərində heç bir sanksiya tətbiq edilmədi. İndi isə şimal, şərq, qərb və cənuba baxsaq, sanksiyaların tətbiq edildiyini görərik. Amma Ermənistan sanksiyaya məruz qalmadı. Bu da ikili standartlar məsələsidir. Biz ikili standartlara qarşı hər zaman mübarizə aparacağıq. Bu bizim xarici siyasətimizin əsas elementlərindən biridir. Biz bundan əziyyət çəkirik və bu, davamlı şəkildə olur. Bu gün əzab-əziyyət bəlkə də ağır sözdür. Çünki biz istəyimizə nail olduq, torpaqlarımızda azad şəkildə yaşayırıq. Buna baxmayaraq ikili standartlar beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır. Cəmiyyətimiz ikili standartlara sıfır tolerantlıq göstərir".