Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür...

Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür... backend

Azərbaycan elektrik enerjisi ilə bağlı bütün məsələləri həll edib və çox güclü potensial yaradıb.

Qaziler.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə bildirib.

"Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür. Müəyyən həcmdə ixrac da edilir, amma növbəti illərdə bu ixrac genişmiqyaslı olacaq, xüsusilə nəzərə alsaq ki, dünya bazarlarında enerji resursları ilə bağlı – elektrik enerjisi, yanacaq, təbii qaz, bütün bu əsas enerji təhlükəsizliyini təmin edən bu məhsullarla bağlı böyük narahatlıq var, qıtlıq var. Yəni dünya mənzərəsi göz önündədir. Ona görə bütün bu işlərin vaxtında görülməsi ilə bağlı atdığımız addımlar bizi böyük problemlərdən sığortaladı. Təsəvvür edin ki, əgər bunları etməsəydik, bu gün biz çox çətin vəziyyətə düşə bilərdik və bəzi ölkələr kimi qapı-qapı gəzib xahiş-minnət edərək öz enerji təhlükəsizliyimizi təmin etmək üçün gərək kiməsə ağız açaydıq", - dövlət başçısı əlavə edib.

İlham Əliyev vurğulayıb ki, bu gün mənzərə tam fərqlidir:

"Bizə çoxlu müraciətlər daxil olur və biz təbii ki, imkan daxilində kömək göstəririk, göstərəcəyik. Təbii ki, bizim həm rolumuz artır, həm nüfuzumuz artır və eyni zamanda, bütün tərəfdaşlar görürlər ki, Azərbaycan son illər ərzində nə qədər irəliyə gedib, nə qədər güclənib ki, bu gün nəinki öz tələbatını tam təmin edir, eyni zamanda, bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib".