Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qaziler.az President.az-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə səmimi təbriklərimi qəbul edin.
Qurban bayramının dövlət bayramı ilə üst-üstə düşməsi rəmzi məna daşıyır. Qoy, bütün müsəlmanların xeyirxahlıqla dolu olan bu böyük bayramı bəşəriyyəti yüksək mənəvi dəyərlərə çatdırsın, ona Uca Yaradanın mərhəmətini və şəfqətini nəsib etsin.
Qardaş Azərbaycan xalqına davamlı sürətli inkişaf və firavanlıq diləyir, həmçinin Sizin rəhbərliyinizlə qarşıda duran bütün məqsədlərə nail olunması ilə bağlı ən xoş arzularımı ifadə edirəm.
Ümidvaram ki, Sizinlə qurduğumuz qarşılıqlı hörmət uzun illər davam edəcək.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar bayramlar münasibətilə Sizə möhkəm cansağlığı, böyük uğurlar, Azərbaycan xalqına isə həmişə sülh və tərəqqi arzulayıram.
Ən xoş arzularla".
Estoniya Prezidenti Alar Karis də Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Ölkənizin milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Bugünkü mürəkkəb qlobal şəraitdə çoxtərəfli çərçivələr vasitəsilə, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində sıx əməkdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır. Birgə fəaliyyət göstərməklə biz BMT Nizamnaməsinin prinsiplərini daha yaxşı qoruya və daha təhlükəsiz, daha ədalətli və daha dayanıqlı dünyanın qurulmasına töhfə verə bilərik.
Bu baxımdan ikitərəfli münasibətlərimizdə müşahidə olunan davamlı irəliləyişi məmnunluqla qarşılayır və qarşıdakı illərdə ölkələrimiz arasında tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
18:52
Belarus Prezidenti Aleksandr Lukaşenko azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qaziler.az President.az-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
İqtisadiyyatda öz uğurları və artan beynəlxalq nüfuzu ilə qürur duyan suveren, inkişaf etmiş və gələcəyə inamlı dövlətin qurulması üzrə Sizin həyata keçirdiyiniz kursun nəticələrini Belarusda yüksək qiymətləndirirlər.
Strateji Belarus-Azərbaycan tərəfdaşlığının inkişafında Minskin güclü marağını təsdiq edirəm. Əminəm ki, bizim müntəzəm görüşlərimiz, etimada əsaslanan fəal dialoq, həmçinin müxtəlif səviyyələrdə həyata keçirilən sistemli fəaliyyət cari layihələrin uğurla icrasına və yeni ikitərəfli təşəbbüslərin formalaşmasına daim kömək edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə cansağlığı və xoşbəxtlik, Azərbaycan vətəndaşlarına isə sülh və əmin-amanlıq arzulayıram".
Tacikistan Prezidenti Emoməli Rəhmon da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizə və dost Azərbaycan xalqına ölkənizin milli bayramı münasibətilə tacik xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi göndərirəm.
Etibarlı tərəfdaşımızın sosial-iqtisadi inkişafda və beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsində qazandığı uğurlara ürəkdən sevinirik.
Ölkələrimiz arasında möhkəm tarixi dostluq və qarşılıqlı anlaşma ənənələrinə əsaslanan strateji tərəfdaşlığın davamlı inkişaf tendensiyasına malik olmasını qeyd etmək sevindiricidir.
Əmin olduğumu bildirirəm ki, birgə səylərimizlə konstruktiv əməkdaşlığımızı bundan sonra da gücləndirəcəyik və ölkələrimizin xalqlarının əsas maraqlarına cavab verən çoxplanlı qarşılıqlı fəaliyyətimizin daha da dinamik inkişafını təmin edəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və yeni-yeni uğurlar, dost Azərbaycanın qardaş xalqına isə hər zaman aydın səma, firavanlıq, əmin-amanlıq və tərəqqi arzulayıram".
Moldova Prezidenti Maya Sandu da azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Moldova xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Bu bayram münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına sülh və rifah arzulayıram. Moldova Cənubi Qafqazda davamlı sülhə ümid edir və biz inanırıq ki, dialoq və əməkdaşlıq sabitliyə və tərəqqiyə aparan ən etibarlı yoldur.
Azərbaycan həmişə Moldovanın etibarlı dostu olub və dialoqumuzu davam etdirməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
17:03
Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Faye də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qaziler.az President.az-a istinadən bildirir ki, məktubda deyilir:
"Cənab Prezident. Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Sizə və dost Azərbaycan xalqına davamlı rifah və tərəqqi arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün Sizinlə birlikdə işləməyə hazır olduğumu bir daha vurğulayıram".



