Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da İndoneziya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helmini qəbul edib.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı İndoneziya prezidenti ilə Davosda və Şarm Əl-Şeyxdə təmaslarını xatırlayıb, onu ölkəmizə rəsmi səfərə dəvət etdiyini bildirib.
Azərbaycanın D-8-ə bu qurumun təsis edilməsindən sonra üzv qəbul edilən ilk ölkə olmasının bizim üçün böyük şərəf olduğunu deyən Prezident İlham Əliyev bu məsələdə təşkilata üzv bütün dövlətlərə, o cümlədən İndoneziyaya minnətdarlığını ifadə edib. Dövlətimizin başçısı bunu Azərbaycana olan hörmətin və qardaşlığın təcəssümü kimi qiymətləndirib.
Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev siyasət, iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, biznes təmasları sahələrində əməkdaşlığı daha da möhkəmləndirməyin önəmini qeyd edib.
Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb.
Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Berlian Helmi fəaliyyəti dövründə dövlətlərimiz və xalqlarımız arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi üçün səylə çalışacağını deyib.
Söhbət zamanı Azərbaycan-İndoneziya ikitərəfli əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.



