Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Yunanıstan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maria K.Papakonstantinusu qəbul edib.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə COP29 çərçivəsində ölkəmizdə, ötən ilin sentyabrında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, həmçinin digər beynəlxalq tədbirlər çərçivəsində görüşlərini məmnunluqla xatırlayıb, həmin görüşlər əsnasında ikitərəfli əlaqələrimizin müxtəlif aspektləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını vurğulayıb, bu dialoqun münasibətlərimizin inkişafı üçün çox önəmli olduğunu deyib.
Ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən bu gün qlobal təhlükəsizlikdə mühüm amil olan enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etdiklərini deyən Azərbaycan Prezidenti gələcəkdə biznes nümayəndələri arasında daha çox təmasların olacağına, qarşılıqlı investisiya qoyuluşunun həyata keçiriləcəyinə, tərəfdaşlığımızın inkişaf etdirilməsində hər iki ölkənin səfirlərinin vacib rol oynayacaqlarına ümidvarlığını bildirib.
Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.
Maria K.Papakonstantinus ölkəmizə səfir təyin olunmasından şərəf hissi keçirdiyini bildirərək, yaşıl enerji, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. Səfir ölkələrimiz arasında birbaşa hava əlaqəsinin olmasının önəminə toxunub.
Söhbət zamanı siyasət, iqtisadiyyat, energetika, investisiyalar, nəqliyyat, mədəniyyət, incəsənət, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



