Azərbaycan Prezidenti İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib - FOTO backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib.

 

Trend xəbər verir ki, nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin, Nümayəndələr Palatasının üzvü və həmin qurumun Gəlirlər Komitəsinin sədri, Missuridən respublikaçı Ceyson Smit, Nümayəndələr Palatasının və həmin qurumun Silahlı Qüvvələr Komitəsinin üzvü, Texasdan respublikaçı Ronni Cekson, Nümayəndələr Palatasının və həmin qurumun Gəlirlər Komitəsinin üzvü, Kaliforniyadan demokrat Cimmi Panetta daxildir.

 

Qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən qonaqlar Bakıda gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdıqlarını dedilər.

 

Qonaqlar ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdılar.

 

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.

 

Əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğuladı. Azərbaycan Prezidenti regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirdi. Dövlətimizin başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev TRİPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından yeni imkanlar yaradacağına ümidvarlığını bildirdi.

 

Dövlətimizin başçısı “Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci düzəlişin ölkələrimiz arasında əlaqələrin bügünkü inkişafının mahiyyətinə uyğun olmadığını dedi. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğuladı.

 

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, siyasi, iqtisadi, enerji, müdafiə və müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

 

Söhbət zamanı ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.