Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdaysı qəbul edib.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Lord Olderdays Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısını təbrik edib.
Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə olunmasının tarixi əhəmiyyətinə toxunaraq, bu məsələdə Prezident Donald Trampın rolunu xüsusi vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi onun irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini bildirib və sülh şəraitinin regionun iqtisadi potensialının inkişafına töhfəsinə toxunub.
Prezident İlham Əliyev Azərbaycanla bp şirkəti arasında 30 ildən artıq davam edən uğurlu əməkdaşlığı qeyd edib.
Söhbət zamanı Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, ticarət, investisiya, enerji, o cümlədən bərpaolunan enerji, müdafiə sənayesi, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib. İkitərəfli əlaqələrimizin dərinləşdirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub.
Böyük Britaniya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərində iştirak etməklə bu məsələyə töhfəsi məmnunluqla qeyd olunub.



