İki qardaş ölkə olaraq (Azərbaycan və Pakistan – red.) biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik.
Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında səsləndirib.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Baş nazir, əziz qardaşım.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Əziz qardaşım, Azərbaycana bir daha xoş gəlmisiniz. Sizi görmək və söhbət etmək imkanı böyük şərəf və iftixar hissi oyadır. Çox şadam ki, dövri təmaslarımız iki qardaş ölkə arasında daha sıx tərəfdaşlıq münasibətlərinə zəmin yaratdı.
Cənab Baş nazir ötən il və 2023-cü ildə ölkəmizə səfər edib. Mən isə ötən il Pakistanda dövlət səfərində olmuşam. Bu gün əziz qardaşım Azərbaycana dövlət səfərinə gəlib.
Bütövlükdə bu dinamika, əslində, ölkələrimiz arasında sıx münasibətləri əks etdirir. Bu gün biz ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq.
İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.
Həmçinin bu gün əziz qardaşımla zəmanəmizin beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri müzakirə etdik. Beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqeyimiz və baxışlarımız tam üst-üstə düşür. Müzakirələrimizin nəzərəçarpan hissəsini ticari və iqtisadi sektorlara həsr etdik və birlikdə məyusluğumuzu ifadə etdik ki, ticarət dövriyyəmiz cəmi bir neçə on milyonla ölçülür. Bir sözlə, biz ticarət dövriyyəmizi artırmalıyıq və düşünürəm ki, bunu necə etməyi bilirik. Xüsusən də nəzərə alaq ki, ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var. Biz bir neçə ay əvvəl Pakistan tərəfindən konkret layihələri aldıq və Azərbaycan nümayəndələri onları hazırda qiymətləndirir.
Bir sözlə, bu gün düşünürəm ki, qardaşımla birgə çox mühüm, eyni zamanda, çox realist hədəfləri müəyyən etdik: bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə edir.
Bu gün imzalanmış razılaşmalar yalnız indicə gördüyümüz mərasimlə məhdudlaşmır. Bir çox sazişlər digər auditoriyalarda artıq imzalanmışdır. Beləliklə, cənab Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bir sözlə, onlar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə planlarımız əsasında, əminəm ki, biz ticari dövriyyəmizin artımını da görəcəyik.
Bu gün müzakirə etdiyimiz məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur. Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Biz müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq.
Müzakirə etdiyimiz digər mühüm sahə bağlantı və daşımalardır. Beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan Azərbaycanın daşımalar infrastrukturunun imkanlarının artırılması məqsədilə mən cənab Baş nazirə planlarımız, müqavilələr və imzaladığımız razılaşmalar barədə məlumat verdim - istər Şimal-Cənub və ya Şərq-Qərb. Azərbaycan hər ikisində iştirak edir. Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır.
Beləliklə, bu gün biz güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq. Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında bizə məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq.
Əziz qardaşım, dəvətimi qəbul etdiyinizə və Azərbaycana dövlət səfərinə gəldiyinizə görə Sizə bir daha minnətdaram. Mən ölkə lideri kimi fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm. Sizin baxışınız və həyata keçirdiyiniz islahatlar həqiqətən nəinki iradənizi göstərir, o cümlədən iqtisadi sahədə, siyasi sabitlik sahəsində və Pakistanın beynəlxalq arenada qlobal iştirakçı kimi potensialında mühüm nəticələr verir. Bütün bunlar gərgin əməyiniz və heyətinizin işi sayəsində mümkün olmuşdur. Bir sözlə, qardaş və dostlarınız kimi, biz Baş nazir Şərifin müdrik rəhbərliyi ilə Pakistanın nailiyyətlərinə çox sevinirik və fərəhlənirik. Biz qardaşlar kimi bütün gələcək planlarımız və işlərimizdə Sizinlə olacağıq. Bir daha xoş gəlmisiniz.