“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib

“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib backend

Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
 

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, “Milli Məkan Məlumatları” informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etsin. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməli, Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

 

Əsasnamə “Milli Məkan Məlumatları” informasiya sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. Sistem rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər büdcə təşkilatlarının, həmçinin yerli özünüidarəetmə orqanlarının (qurumlar) fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, Sistemdə saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir. Sistemin formalaşdırılmasının məqsədi dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

Sistemin tətbiqi aşağıdakı hədəflərə xidmət edir:

- milli məkan məlumatları üzrə texniki tələblər toplusunun, milli məkan məlumatlarının, metaməlumatların formalaşdırılması və inteqrasiyası;

- milli məkan məlumatlarının yaradılmasında təkrarçılığın aradan qaldırılması baxımından Azərbaycan Respublikasının dövlət büdcəsindən milli məkan məlumatlarının yaradılmasına ayrılan pul vəsaitinin səmərəli idarə edilməsi;

- yaradılmış milli məkan məlumatlarına əlçatanlığın təmin edilməsi;

- milli məkan məlumatları üzrə xidmətlərin real vaxt rejimində, keyfiyyətli və operativ göstərilməsi.

Sistemdə yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir. Sistemin sahibi və operatoru İqtisadiyyat Nazirliyidir.

Diaspora