Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” Qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Trend xəbər verir ki, fərmana əsasən, müəyyən edilib ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
Həmin Qanunda birinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:
qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalara və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən digər qeyri-kommersiya qurumlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;
kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə, publik hüquqi şəxslərə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti;
dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi;
Həmin Qanunda ikinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:
qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, siyasi partiyalara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası;
kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə və publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
Həmin Qanunda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Siyasi partiyalar haqqında” Qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Qanundan irəli gələn məsələləri həll etməlidir.