Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Qvineya-Bisaunun Ətraf mühit naziri Viriato Kassama da daxildir.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu yaxınlarda Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşünü məmnunluqla xatırlayaraq əlaqələrimizin perspektivləri və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından bu görüşün çox səmərəli olduğunu deyib və həmin görüşdən az müddət keçməsinə baxmayaraq Qvineya-Bisaudan nazirlər səviyyəsində nümayəndə heyətinin ölkəmizə səfərini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev iqtisadiyyat, o cümlədən ticarət və investisiya sahələrində əməkdaşlığın qurulmasının siyasi əlaqələrin də möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib.
Xoş sözlərə görə minnətdarlığını bildirən Karlos Pinto Pereira Qvineya-Bisau Prezidentinin Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmlənməsi istəyini ifadə edərək, rəhbəri olduğu nümayəndə heyətinin ölkəmizə bu məqsədlə gəldiyini vurğulayıb.
Söhbət zamanı təhsil sahəsində əməkdaşlığa toxunulub, Azərbaycan tərəfindən ölkəmizin ali təhsil müəssisələrində Qvineya-Bisaudan olan tələbələrə xüsusilə mühəndislik, neft-mühəndisliyi və digər sahələrdə təhsil təqaüdlərinin ayrılması məsələsi qeyd edilib. Hələ sovetlər dövründə Qvineya-Bisaudan olan çoxlu sayda tələbənin müxtəlif sahələr üzrə Azərbaycanda təhsil aldıqları məmnunluqla xatırlanıb, hazırda həmin şəxslərin Qvineya-Bisau Hökumətində təmsil olunduqları bildirilib, həmçinin bugünkü nümayəndə heyətinin tərkibində olan nazirlərin və digər rəhbər şəxslərin də vaxtilə Azərbaycanda təhsil aldıqları vurğulanıb.
Görüşdə neft və mədənçilik sahəsində əməkdaşlıq qeyd edilib, Azərbaycanın bu sahədə təcrübəsini bölüşməsi və geoloji kəşfiyyat işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Ölkələrimiz arasında diplomatik məsləhətləşmələr mexanizminin inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələləri müzakirə olunub.
Azərbaycanın "ASAN xidmət" təcrübəsinin Qvineya-Bisau üçün maraqlı olduğu qeyd edilib. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın dövlət orqanları və özəl qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin vahid məkanda təmin edilməsi təcrübəsi olan "ASAN xidmət" BMT tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Prezident bildirib ki, ölkəmiz bu sahədə öz təcrübəsini Qvineya-Bisau ilə bölüşməyə hazırdır.
10:39
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Qvineya-Bisaunun Ətraf mühit naziri Viriato Kassama da daxildir.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.