Xarici investisiyalı MMC-lərlə bağlı informasiya sistemi yaradılacaq

 Xarici investisiyalı MMC-lərlə bağlı informasiya sistemi yaradılacaq backend

Prezident İlham Əliyev “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Trend xəbər verir ki, sənədə əsasən, sanksiya tətbiq edilməli olan fiziki şəxslər və qurumlar – “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş fiziki şəxslər və qurumlardır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilən müddət ərzində tamamilə ödənilmiş nizamnamə kapitalı barədə 5 (beş) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.

Adi elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) elektron ərizə formasını doldurur, işçilərlə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatlarını həmin ərizəyə daxil edir, ərizədə qeyd olunan məlumatlar əsasında elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Adi elektron dövlət qeydiyyatı zamanı təsisçi tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq hazırlanmış nizamnamə elektron ərizə formasına əlavə oluna bilər.

Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə formasında yalnız təkbaşına icra orqanının rəhbəri, fəaliyyət sahəsi və işçilərlə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatlarını göstərir. Bu halda təsisçi elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə daxil edilmiş işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatları qeydiyyat prosesi başa çatdıqdan (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron kabinetə göndərildikdən) sonra avtomatik olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxs olduğu təqdirdə, onun qeydiyyatını təsdiq edən sənədlər – ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və qeydiyyatı təsdiq edən digər əlaqəli sənədlər ərizəyə əlavə olunmalıdır. Qeydiyyatı təsdiq edən sənədlərin konsul leqallaşdırılması tələb olunduğu zaman bu sənədlər həmin xarici hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), Azərbaycan Respublikasının hüdudlarından kənarda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna təqdim olunur. Qeydiyyatı təsdiq edən sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya diplomatik nümayəndəlik (konsulluq) tərəfindən leqallaşdırılaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsinin təsdiq olunması məqsədilə “Elektron notariat” informasiya sisteminə, tərcüməsi notariat qaydasında təsdiq olunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Elektron şəhadətnamə (apostil) verilmiş xarici rəsmi sənədlər isə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq yoxlanıldıqdan və “Elektron notariat” informasiya sistemi vasitəsilə tərcüməsi notariat qaydasında təsdiq olunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

Elektron dövlət qeydiyyatı zamanı ərizədə təsisçi (təsisçilər) fəaliyyət sahəsi, işçilərlə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatlarını göstərir, özü tərəfindən daxil edilmiş məlumatlara əsasən elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.

“11.3.3-1. kommersiya qurumlarına münasibətdə bu Qanunun 11.3.1–11.3.2-1-ci və 11.3.3-2-ci maddələrində nəzərdə tutulanlardan əlavə olaraq, həmçinin:

11.3.3-1.1. eyni adlı hüquqi şəxs qeydiyyata alınmış olduqda;

11.3.3-1.2. dövlətin və ya bələdiyyənin təsisçisi olduğu hüquqi şəxslər istisna olmaqla, hüquqi şəxsin adında Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) və ya yerli özünüidarəetmə orqanlarının tam və ya qısaldılmış adlarından (qısaldılmış adın ayrıca söz kimi mövcud olduğu hallar istisna olmaqla) istifadə edildikdə;

11.3.3-1.3. dövlətin təsis etdiyi və ya dövlətin payı olan hüquqi şəxslər istisna olmaqla, hüquqi şəxsin adında Azərbaycan Respublikası və ya Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) və ya yerli özünüidarəetmə orqanları ilə əlaqəli olması təəssüratı yaradan söz və ya ifadələrdən istifadə edildikdə;

11.3.3-1.4. əsassız olaraq dövlət tərəfindən lisenziyalaşdırıldığı və ya digər formada səlahiyyətləndirildiyi barədə mülki dövriyyə iştirakçılarında çaşqınlıq yarada bilən adlardan istifadə edildikdə;

11.3.3-1.5. hüquqi şəxsin adında milli qəhrəmanların və şəhidlərin adlarından (onların və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə;

11.3.3-1.6. dövlət qeydiyyatına alınmış hüquqi şəxsin adının bir və ya iki hərfinin dəyişdirilməsi və ya yeni hərfin (sözün mənasının dəyişdiyi hallar istisna olmaqla), işarənin (rəqəmlər istisna olmaqla) əlavə edilməsi, habelə adındakı sözlərin yerinin dəyişdirilməsi ilə mülki dövriyyə iştirakçılarında çaşqınlıq yarada biləcək addan istifadə edildikdə;

11.3.3-1.7. hüquqi şəxsin adında Azərbaycan əlifbasında olan hərflər, rəqəmlər, “nöqtə”, “vergül”, “dırnaq”, “defis” və “nömrə” işarələri istisna olmaqla, digər işarələr və simvollardan istifadə edildikdə;

11.3.3-1.8. xarici ölkələrdə mövcud olan hüquqi şəxslərin təşkilati-hüquqi formalarını əks etdirən termin və ya qısa adlardan istifadə edildikdə (xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları istisna olmaqla);

11.3.3-1.9. hüquqi şəxsin adında xarici ölkələrin tam və ya qısaldılmış rəsmi adlarından istifadə edildikdə (xarici investisiyalı qurumlar istisna olmaqla);

11.3.3-1.10. hüquqi şəxsin adında beynəlxalq təşkilatların tam və ya qısaldılmış adlarından istifadə edildikdə;

11.3.3-1.11. hüquqi şəxsin adında “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər sahəvi qanunları ilə qadağan edilən sözlərdən istifadə edildikdə;

11.3.3-2. hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialının və ya onların təsisçisinin və ya qanuni təmsilçisinin adı terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısında olduqda;”.

Maddə 2. Keçid müddəa

Bu Qanunun 1.6.1-ci maddəsinin konsul leqallaşdırılması tələb olunan sənədlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə təqdim olunması ilə bağlı müddəaları həmin informasiya sistemi fəaliyyətə başladıqdan və aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə inteqrasiya olunduqdan sonra qüvvəyə minir.

Diaspora