İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - FOTO - YENİLƏNİB

İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - FOTO - YENİLƏNİB backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendi qəbul edib.

AZƏRTAC xəbər verir ki, ölkəmizə səfərindən məmnunluğunu bildirən Patrisia Skotlend səfərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə təsadüf etməsini xüsusi vurğulayaraq, ulu öndərin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etdiyini bildirib, dahi şəxsiyyətin və onun ömür-gün yoldaşının Azərbaycanın inkişafına verdiyi töhfələri xatırladıb.

Patrisia Skotlend ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyini məmnunluqla qeyd edib, bunun özünü xüsusilə COVID-19 pandemiyası zamanı göstərdiyini vurğulayıb. O, Uqandada Hərəkatın Zirvə toplantısında iştirak etdiyini deyərək orada bütün dövlətlər tərəfindən Azərbaycanın sədrliyinin çox yüksək qiymətləndirildiyini və bunun praktiki nəticələrinin olduğunu qeyd edib. Qonaq Azərbaycanın Hərəkata uğurlu sədrliyi ilə bağlı bir daha təbriklərini çatdırıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Patrisia Skotlendin ölkəmizdən yaxşı təəssüratlarla ayrılacağına ümidvar olduğunu deyib.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində səmərəli fəaliyyət göstərdiyini, Hərəkatın təsisatlanması istiqamətində mühüm addımlar atdığını vurğulayıb. Pandemiya dövründə COVID-19 ilə bağlı BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması təşəbbüsünün ölkəmizə məxsus olduğunu xatırladan Prezident İlham Əliyev Azərbaycanın 80-dən çox ölkəyə, xüsusilə Qoşulmama Hərəkatına üzv dövlətlərə yardım göstərdiyini, vaksin millətçiliyinə qarşı BMT təsisatlarında müvafiq qətnamələrin qəbul olunmasını təmin etdiyini, bununla mübarizə istiqamətində beynəlxalq aləmdə səyləri birləşdirmək üçün fəaliyyətini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına üçillik sədrliyi üzv dövlətlərin dəstəyi ilə daha bir il müddətinə uzadılmışdır.

Azərbaycan Prezidenti ölkəmizin Hərəkata sədrliyi dövründə qazandığı beynəlxalq təcrübədən iqlim dəyişikliyi ilə bağlı istifadə edəcəyini, bu məsələdə də səylərini davam etdirəcəyini deyib, iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrə ədalətli yanaşmanı nümayiş etdirəcəyini bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, dünya ictimaiyyətinin yekdil dəstəyi ilə ölkəmizin COP29-a sədrlik etməsi və bu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Azərbaycanın Qoşulmama Hərəkatının “sədrlik üçlüyündə” yer aldığını deyən Prezident İlham Əliyev COP çərçivəsində də “üçlük” mexanizminin yaradıldığını qeyd edərək, bu istiqamətdə Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın birlikdə fəaliyyət göstərdiklərini, müxtəlif regionlarda yerləşmələrinə baxmayaraq, COP gündəliyinin birgə irəli aparılması üçün çalışdıqlarını vurğulayıb.

Azərbaycan Prezidenti ölkəmizin Millətlər Birliyi təşkilatı ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Qonaq Millətlər Birliyi təşkilatının üzvlərinin 33-nün məhz kiçik ada dövlətləri olduğunu deyərək, həmin ölkələrin iqlim dəyişikliklərinin mənfi fəsadlarına ən çox məruz qalan, hətta iqlim dəyişikliklərinə görə mövcudluqları sual altında olan dövlətlər olduğunu vurğulayıb.

Azərbaycanın kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin problemlərinə COP29 sədrliyi çərçivəsində xüsusi diqqət yetirəcəyini deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz onların problemlərinin həllinə öz töhfəsini verməyə hazırdır. Bu xüsusda Azərbaycan ilə Millətlər Birliyi təşkilatı arasında birgə əməkdaşlıq layihələri və COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclasın keçirilməsi məsələləri müzakirə olunub.

10:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Millətlər Birliyinin (Commonwealth) baş katibi Patrisiya Skotlendi qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Diaspora