Prezident və xanımı Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar - FOTO

Prezident və xanımı Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar - FOTO backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Heydər Əliyev Fondu Şuşa şəhərində Üzeyir Hacıbəylinin ev-muzeyində bərpa işlərini davam etdirir. Üzeyir Hacıbəylinin evi Şuşada XIX əsrdə inşa olunub. Bina 1959-cu ildə ev-muzeyi kimi fəaliyyətə başlayıb. Görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhəri işğal edilən tarixədək fəaliyyət göstərib. Muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan erməni işğalçı qüvvələrinin vəhşiliyi nəticəsində yalnız 136-sı salamat qalıb, digərləri məhv edilib.

Məlumat verildi ki, binadakı bərpa işlərinə evin ilkin görünüşünə uyğun olaraq analizlərin hazırlanması, bünövrələrin möhkəmləndirilməsi, döşəmənin, fasadların və dam örtüyünün bərpası, daxili və xarici bəzək işləri, qapıların, pəncərələrin, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılması, həmçinin həyətyanı sahənin yaşıllaşdırılması işləri daxildir. Bu günədək bərpa layihəsinin hazırlanması, ərazidə mövcud divar daşlarının sökülərək, ölçülərinə görə inventarlaşdırılması, dağılmış hissələrdə bünövrələrin qazılması və sahənin ümumi təmizlənməsi işləri aparılıb. Həmçinin material analizi üzrə nümunələr götürülərək Türkiyədəki laboratoriyada tədqiq edilib, konservasiya və restavrasiya hesabatları yerinə yetirilib. Muzeyin memarlıq, konstruksiya həlli və mühəndis-kommunikasiya sistemləri üzrə işçi layihələri yekunlaşıb, bünövrənin armaturlanması icra olunub. Ev-muzeyinin daxilində divarlar və arakəsmələr hörülüb, döşəmənin bərpası işləri görülüb. Həmçinin həyətyanı sahədə tarixi görkəmə uyğun hörgü işləri və dekorativ elementlərin qoyulması başa çatdırılıb. 2022-ci ildə başlanan bərpa işləri yekunlaşandan sonra muzeydə ekspozisiya qurulacaq.

Diaspora