Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Çin siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayaraq ikitərəfli münasibətlərdə son vaxtlar böyük canlanmanın baş verdiyini qeyd edib. Nəqliyyat sahəsində çox fəal birgə işlərin aparıldığını deyən Prezident İlham Əliyev bu baxımdan Transxəzər nəqliyyat dəhlizinin Orta Dəhlizin bir hissəsi olduğunu vurğulayıb. Dövlətimizin başçısı sərmayə qoyuluşu nöqteyi-nəzərindən yaxşı irəliləyişin olduğunu deyib. Belə ki, Çin şirkətləri Azərbaycana daha böyük həcmdə sərmayə qoyur. Dövlətimizin başçısı, eyni zamanda, COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan-Çin məsləhətləşmələrinin aparıldığını vurğulayıb. Prezident İlham Əliyev humanitar sahədə də gündəliyin kifayət qədər geniş olduğunu bildirib, Yan Vanminin ölkəmizə səfərinin əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Qəbula görə minnətdarlığını bildirən qonaq, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş edib.
Yan Vanmin ulu öndər Heydər Əliyevin və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, ölkədə siyasi sabitliyin bərqərar olunduğunu, iqtisadi yüksəlişin əldə edildiyini, əhalinin rifah halının yüksəldiyini və respublikamızın beynəlxalq aləmdə layiqli yerini tutduğunu vurğulayıb. O qeyd edib ki, bütün bunlar ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində mümkün olub.
Prezident seçkisində qalib gəlməsi münasibətilə bundan əvvəl təbrik məktubu göndərdiyini məmnunluqla xatırlayan qonaq İlham Əliyevin yenidən prezident seçilməsini Azərbaycan xalqının ona olan etimadının nəticəsi və gələcəyə inamının təzahürü kimi dəyərləndirib.
Diplomatik münasibətlərimizin qurulmasından ötən dövr ərzində əlaqələrimizin sabit şəkildə inkişaf etdiyini deyən Yan Vanmin ikitərəfli münasibətlərimizin möhkəmlənməsində dövlətimizin başçısının Çinə səfərlərinin, Si Cinpinlə görüşlərinin və iki ölkə rəhbəri arasında çox gözəl şəxsi münasibətlərin rolunu xüsusi qeyd edib.
Azərbaycanın Çin üçün çox vacib tərəfdaş olduğunu vurğulayan qonaq ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bildirib. Qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub və bu baxımdan o, Transxəzər dəhlizinin bu təşəbbüsün reallaşmasına, ümumilikdə Azərbaycanın bütün nəqliyyat qovşağının inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Yan Vanmin ölkəsinin Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə göstərilən hörməti hər zaman dəstəkləyəcəyini vurğulayıb, ölkələrimiz arasında qarşılıqlı etimadın daimi olacağına əminliyini bildirib.
COP29-un təşkilində də Çinin Azərbaycana dəstəyini qeyd edən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tədbirin uğur qazanacağına inamını ifadə edib.
Ulu Öndərin ölkələrimiz arasında münasibətlərin inkişafında roluna bir daha toxunan qonaq deyib: “Biz Çin-Azərbaycan münasibətləri haqqında danışarkən Sizin atanız Heydər Əliyevin töhfələrini unuda bilmərik. Çin xalqı çox yaxşı xatırlayır: Heydər Əliyev Prezident seçildikdən çox qısa müddət sonra - 1994-cü ildə Çinə səfər etdi və Çinin ovaxtkı rəhbərliyi ilə birlikdə xalqlarımız arasında əlaqələrin möhkəm təməlini qoydu. Heydər Əliyev o zaman xüsusilə Çin kəndinə gedərək sadə insanlarla görüşdü. Bu, Çin xalqının yaddaşında əbədi qalacaq. Siz bu gün atanızın siyasətini davam etdirərək Çinə altı dəfə səfər etmisiniz. Çin xalqı Sizə böyük hörmətlə yanaşır”.
Qonaq Heydər Əliyev Fondu ilə uğurlu əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq 2023-cü ildə Pekin şəhərində ulu öndərin 100 illik yubileyinin böyük təntənə ilə qeyd edildiyini xatırlayıb. Azərbaycana Heydər Əliyev Fondunun dəvəti ilə səfər etdiyini deyən Yan Vanmin Fondun Çinin olduqca inandığı və sıx əməkdaşlıq etdiyi bir qurum olduğunu vurğulayıb. O, ötən illər ərzində Heydər Əliyev Fondu ilə bir çox birgə layihələr, xüsusilə gənclər arasında əlaqələrin genişləndirilməsi sahəsində layihələr həyata keçirdiklərini bildirib. Yan Vanmin Fondla əməkdaşlığın daha da möhkəmlənəcəyinə və əlaqə dairəsinin genişlənəcəyinə əminliyini ifadə edib. O, eyni zamanda, humanitar, turizm, gənclər sahələrinin, həmçinin regionlararası əməkdaşlığın inkişafı işinə də töhfə verməyə hazır olduqlarını bildirib.
Qonaq Şanxay Əməkdaşlıq Təşkilatında əlaqələrə toxunaraq Azərbaycanın bu təşkilatda dialoq tərəfdaşı olmasının önəmini qeyd edib.
Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri ilə dəfələrlə keçirdikləri görüşlərin ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb. Si Cinpinlə son dəfə keçirdiyi görüşü də məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu görüş zamanı bir çox önəmli məsələlərin müzakirə edildiyini və əməkdaşlığın perspektivlərinin təsdiq olunduğunu bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, ulu öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafına, parlaq gələcəyinə çox inanırdı və buna nail olmaq üçün böyük səylər göstərirdi. Azərbaycan Prezidenti qeyd edib ki, 1994-cü ildə ümummilli liderin Çinə ilk rəsmi səfəri əlaqələrimizin təməlini qoyub. Öz növbəsində ulu öndərin siyasətini bütün sahələrdə davam etdirən bir şəxs kimi Azərbaycan-Çin əlaqələrinin inkişafına xüsusi diqqət yetirdiyini deyən dövlətimizin başçısı vurğulayıb ki, birgə səylər nəticəsində müəyyən olunmuş möhkəm əməkdaşlıq çərçivəsində siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək.
Prezident İlham Əliyev Yan Vanminin rəhbərlik etdiyi assosiasiya ilə Heydər Əliyev Fondu arasında həyata keçirilən sıx əməkdaşlığın əlaqələrimizin inkişafına böyük töhfə verdiyini bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Si Cinpinin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsi ölkəmiz tərəfindən tam dəstəklənir və biz Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturunu yaradaraq qonşu ölkələrlə də təmaslar əsnasında bu layihənin həyata keçirilməsi istiqamətində səylərimizi əsirgəmirik.
10:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmini qəbul edib.
Bu barədə AZƏRTAC məlumat yayıb.