İlham Əliyevin Rusiya Hökumətinin sədri ilə görüşü olub - FOTO - YENİLƏNİB

İlham Əliyevin Rusiya Hökumətinin sədri ilə görüşü olub -  FOTO - YENİLƏNİB backend

Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub.

"Report"un məlumatına görə əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin sədri Mixail Mişustin birgə foto çəkdirdilər.

Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:

- Hörmətli Mixail Vladimiroviç.

Hörmətli qonaqlar.

Sizi Azərbaycanda bir daha görməyimə şadam. Bilirəm ki, dünən sizin həmkarınızla çox məhsuldar görüşünüz olub. O, səhər mənə yaxşı nəticələr, gələcək planlarımız haqqında məruzə edib. Biz ili uğurla başa vurmuşuq. İkitərəfli qarşılıqlı fəaliyyət nəzərdə tutduğumuz qaydada inkişaf edir. Artıq iki ildən bir az çoxdur ki, biz müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində əməkdaşlıq edirik, əlaqələrin möhkəmləndirilməsi üzrə qarşıya qoyulmuş bütün vəzifələr uğurla yerinə yetirilir.

İqtisadi-ticari sahəyə gəldikdə, həmçinin hesab edirəm ki, nəticələr tamamilə qənaətbəxşdir, 17 faizlik artım var. Zənnimcə, yaxşı göstəricidir. Artıq 4,5 milyard dollar səviyyəsinə yaxınlaşırıq. Amma təbii ki, bu, son hədd deyil. Əminəm ki, səfər zamanı əldə olunmuş razılaşmalar çərçivəsində həm növbəti ildə, həm də bu il biz ilin yekunlarına görə qarşılıqlı ticarətdə daha böyük artımın şahidi olacağıq.

Şadam ki, sənaye kooperasiyası layihələri reallaşdırılır. Bu, əməkdaşlığımızın nisbətən yeni sahəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradırlar. Bütün bunlar isə sənaye sahəsində daha geniş əməkdaşlığa kömək edir.

Sizin səfərinizdən əvvəl materiallara baxdım, kənd təsərrüfatı üzrə bir-birimizi tamamlayırıq. Bizə lazım olanı sizdən əldə edirik və bu, əks istiqamətdə də həyata keçirilir. Həmçinin sevinirik ki, razılaşdığımız kimi, Rusiya bazarına Azərbaycan kənd təsərrüfatı məhsullarının tədarükünün böyük həcmdə artması uğurla davam edir.

Əlbəttə ki, Sizin də dünən geniş bəhs etdiyiniz nəqliyyat-logistika sahəsi ilə bağlı müvafiq sənədlər imzalanıb. Burada həm tranzit daşımalarının, həm də ikitərəfli yük daşımalarının artdığını görürük. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizi birləşdirən layihədir.

Bildiyiniz kimi, biz bütün zəruri məsələlərin reallaşdırılması üzrə fəal qarşılıqlı fəaliyyət göstəririk. Azərbaycan ərazisində, eləcə də Rusiya ərazisində infrastruktur mövcuddur, yeganə lazım olan planlaşdırıldığından artıq yük həcmini nəql etmək üçün onun modernləşdirilməsidir.

Əlbəttə ki, humanitar sahə. Burada, zənnimcə, Rusiya ilə Azərbaycan arasında münasibətlər iki qonşu dost dövlətlərin münasibətləri üçün nümunə ola bilər. Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilindədir. Biz onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətləri qorumuşuq və qarşılıqlı fəaliyyət göstərdiyimiz ictimai-siyasi formasiyadan asılı olmayaraq, xalqlarımız arasında dostluq əlaqələri həmişə dövlətlərarası münasibətlərin bünövrəsi olub. Bu gün isə dövlətlərarası münasibətlərin forma və məzmun etibarilə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi bir vaxtda, təbii ki, bu, həmçinin ölkələrimizdə ictimaiyyət tərəfindən də dəstəklənir. Beləliklə, əminəm ki, ötən il olduğu kimi, biz bu ili də yaxşı nəticələr ilə başa vuracağıq. Müttəfiqlik qarşılıqlı fəaliyyətimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə möhkəmlənəcək, həmçinin bu, regional sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Sizi bir daha salamlayıram və səfərinizin artıq başa çatdığını nəzərə alaraq, yaxşı yol arzulayıram. Əlbəttə, hesab edirəm ki, dövlət başçılarının müntəzəm görüşləri nümunəsində olduğu kimi, hökumət rəhbərləri səviyyəsində də belə müntəzəm görüşlərin keçirilməsi faydalı olardı.

x x x

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin dedi:

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli dostlar.

Əvvəlcə, Sizi fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Prezidenti seçkilərində inamlı qələbə münasibətilə səmimi-qəlbdən təbrik etmək istəyirəm. Bu, Sizin səylərinizlə və rəhbərliyinizlə ölkənizdə əldə olunan bütün nailiyyətlərə Azərbaycan xalqı tərəfindən verilən yüksək qiymətdir. Əlbəttə, fürsətdən istifadə edərək, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin ən səmimi və xoş arzularını çatdırmaq istəyirəm.

Biz Azərbaycan Hökumətinin hörmətli başçısı Əli Hidayət oğlu Əsədovla daim təmasdayıq və müntəzəm görüşlər keçiririk. Elə bu yaxınlarda - dekabrda Moskvada Müstəqil Dövlətlər Birliyinin forumunda görüşmüşük, ondan əvvəl isə Soçidə görüş olub. Mənə elə gəlir ki, bu yaxınlarda Azərbaycana səfərim olub. Sizi əmin etmək istəyirəm ki, dövlətlərimizin rəhbərləri arasında qəbul olunan qərarların hamısı daimi nəzarətdədir, hökumətlərimiz tərəfindən icra olunur.

Dünən geniş ikitərəfli gündəliyi müzakirə etdik. Siz bir neçə istiqaməti xatırlatdınız, sənaye sahəsində daha çox layihələr var. Biz, həmçinin nəqliyyat maşınqayırması sahəsində birgə layihələr barəsində düşünürük. Eyni zamanda, qarşılıqlı iri texnoloji, innovativ layihələr üzrə perspektivli istiqamətlər də var. Kənd təsərrüfatı sahəsi üzrə də işləyirik. Siz tamamlama haqqında danışdınız. Həmçinin əczaçılıq üzrə bir sıra məsələlərimiz mövcuddur. Dünən bu sahədə işlərin gücləndirilməsinə dair razılıq əldə etdik. Belə desək, bu gün bizim qarşılıqlı layihələrimizin bütün palitrası nəzarətimizdədir. Qarşılıqlı iqtisadi-ticari dövriyyə rəqəmləri də bunu göstərir. Siz 17 faizlik artım barədə danışdınız. Bu, belədir.

Həmçinin demək istəyirəm ki, bizim keçid məntəqələrimizdə daşıma gücləri 5 dəfə artıb. Bu da bizim Nəqliyyat Nazirliyinin Azərbaycandan olan hörmətli həmkarları ilə birgə böyük sistemli işidir. Biz, həmçinin burada logistika üzrə bütün müvafiq layihələri davam etdiririk. Siz Şimal-Cənub dəhlizini qeyd etdiniz. Həqiqətən, 30 milyon ton ciddi həcmdir və əlbəttə ki, məntəqələrdə dar yerlərin qalmaması üçün çoxlu iş görülməlidir.

Həmçinin demək istəyirəm ki, biz atanız hörmətli Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş anım tədbirini böyük ehtiramla keçirdik. Rusiyada onu xatırlayırlar, xatirəsini əziz tuturlar.

Mədəni mübadilə. Bu sahədə qarşılıqlı fəaliyyətlə bağlı məsələlər üzrə çoxlu layihələr və ideyalar var. Bu gün Rus Dram Teatrında oldum, orada mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətdən bəhs etdilər. Biz əlaqələrimizin, o cümlədən Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi üzrə razılıq əldə etdik. Çoxlu sayda tədbirlərin keçirilməsi üzrə Yol xəritəsi üzərində işləyirik. Əlbəttə, Azərbaycanın hörmətli mədəniyyət və incəsənət xadimlərini Rusiyada, Moskvada görməyə şad olacağıq.

Sizə və həmkarlarıma Rusiya nümayəndə heyətinə göstərilən səmimi, ənənəvi mehriban qəbula görə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Dövlətimizin başçısı Rusiya Prezidentinin səmimi və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da xoş arzularını Vladimir Putinə çatdırmağı xahiş etdi.

 

 

14:14

Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub.

Bununla bağlı President.az məlumat yayıb.

13:37

Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü başlayıb.

Bu barədə President.az xəbər verir.

 

Diaspora