Bazar və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydaları ilə bağlı FƏRMAN

Bazar və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydaları ilə bağlı  FƏRMAN backend

Azərbaycanda Rəqabət Məcəlləsinə uyğun olaraq rəqabət orqanı tərəfindən bazar subyektlərində və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydaları müəyyən ediləcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Fərmanda əksini tapıb.

Sənədə əsasən, Nazirlər Kabineti altı ay müddətinə bu qaydaları Prezident ilə razılaşdırmaqla təsdiqləməlidir.

Eyni zamanda, Nazirlər Kabineti

- Rəqabət Məcəlləsinə uyğun olaraq, rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydalarını;

- bu Məcəllə ilə müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə qaydasını;

- bu Məcəllə əsasında sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi qaydalarını;

- rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan Mərkəzi Bankının təklifi əsasında maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini (bazar payının hədləri və müəyyən edilməsi meyarları);

- hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi qaydalarını;

- rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan Mərkəzi Bankının təklifi əsasında maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarları (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyəri, ümumi dövriyyəsinin həcmi);

- İqtisadiyyat Nazirliyinin təklifləri əsasında təbii inhisar subyektlərinin siyahısını və digər sənədləri dörd ay müddətinə təsdiq edib Prezidentə məlumat verməlidir.

Diaspora