Prezident İlham Əliyev Malayziyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO - YENİLƏNİB

Prezident İlham Əliyev Malayziyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO - YENİLƏNİB backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Ahmad Kamrizamil Bin Mohd Rza Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billahın və Malayziyanın Baş naziri Ənvər İbrahimin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Malayziyanın Kralına və Baş nazirinə çatdırmağı xahiş edib.

Siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əlaqələrimizin daha da fəallaşdırılmasının və əməkdaşlığımızın yeni istiqamətlərinin, o cümlədən investisiya, qarşılıqlı ticarət, humanitar sahələrdə müəyyənləşdirilməsinin zəruriliyini bildirib.

Beynəlxalq institutlar çərçivəsində əməkdaşlığımızdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatında ölkələrimizin bir-birini dəstəkləməsinin önəmini vurğulayıb və bunu qardaşlıq əlaqələrimizin yaxşı nümunəsi kimi dəyərləndirib.

Dövlətimizin başçısı, eyni zamanda iqtisadi əlaqələrin genişləndirilməsinin də vacibliyinə toxunaraq qarşıdan gələn illərdə nazirlər, hökumət nümayəndələri, biznes dairələri arasında qarşılıqlı səfərlərin təşkilinin bu işə xidmət edə biləcəyini deyib. Prezident İlham Əliyev səfirin Azərbaycanda fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edərək ona işində uğurlar arzulayıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib, turizm, ticarət və digər sahələrdə əlaqələrin möhkəmlənəcəyinə ümidvarlığını ifadə edib.

Diplomat bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyur. O, dövlətimizin başçısının çox xarizmatik və uzaqgörən bir Lider olduğunu vurğulayıb.

Ahmad Kamrizamil Bin Mohd Rza əlaqələrimizin genişləndirilməsi üçün səylərini əsirgəməcəyini bildirib.

Söhbət zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq, mədəni-humanitar münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olunub, birbaşa aviareyslərin həyata keçirilməsi, Azərbaycan-Malayziya iqtisadi əlaqələrinin genişləndirilməsi üçün hökumətlərarası komissiyanın yaradılması məsələlərinə toxunulub.

14:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Bakıda Malayziyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.

Bu barədə AZƏRTAC xəbər verir.

Diaspora