İlham Əliyev BƏƏ Prezidentini təbrik edib

İlham Əliyev BƏƏ Prezidentini təbrik edib backend

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Fürsətdən istifadə edərək ölkənizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransının rəsmi açılışı münasibətilə də Sizi təbrik edir, tədbirin işinə uğurlar diləyirəm.

Dini və mədəni köklərlə bir-birinə bağlı olan Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimiz gündən-günə daha da möhkəmlənir, tərəfdaşlığımızın əhatə dairəsi genişlənir.

Aramızdakı fəal siyasi dialoq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Ölkələrimizin dostluq ənənələrinin qorunub saxlanmasında, ikitərəfli münasibətlərimizin bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük əməyiniz vardır.

Biz dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə xüsusi əhəmiyyət verir, birgə fəaliyyətimizi yeni məzmunla zənginləşdirmək əzmindəyik. Bu yaxınlarda ölkənizin “Masdar” şirkəti tərəfindən tikilən və regionda ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı qardaşlıq əlaqələrimizin növbəti bariz təzahürüdür.

Əminəm ki, möhkəm təməllər üzərində qurulmuş ikitərəfli münasibətlərimiz və səmərəli, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafeləri naminə bundan sonra da birgə səylərimizlə uğurla inkişaf etməyə və güclənməyə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Diaspora