Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Bakıda Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Hörmətli Emoməli Şaripoviç, Sizi Azərbaycanda salamlayıram. Sizinlə yenidən görüşməyimə şadam. Dəvəti qəbul etdiyinizə və SPECA Proqramının Sammitində iştirakınıza görə sağ olun. Görüşmək, danışmaq, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq gündəliyini müzakirə etmək üçün daha bir yaxşı fürsətdir. Həmçinin, Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının iclasında yeganə fəxri qonaq qismində iştirak etmək üçün dəvətinizə görə bir daha təşəkkürümü bildirmək istərdim. Mən bunu yüksək qiymətləndirirəm. Bunu dostluq və hörmət əlaməti hesab edirəm.
Münasibətlərimiz çox uğurla inkişaf edir. Son vaxtlar biz Sizinlə müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafını dəfələrlə müzakirə etmişik. Əminəm ki, Sizin hazırkı səfəriniz də münasibətlərimizin möhkəmləndirilməsi nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Nümayəndə heyətlərimizin üzvləri artıq sıx təmasdadır, həm dünən görüşüblər, həm də bu gün davam edirlər. Çoxlu planlar, layihələr var. Ən əsası isə xalqlarımızın qardaşlığıdır, əminəm ki, ortaq gələcəyimizdir.
Bir daha “Xoş gəlmisiniz” deyirəm. Vaxtınızın xoş keçməsini diləyirəm.
Sonra Prezident Emoməli Rəhmon çıxış edərək dedi:
- Hörmətli İlham Heydər oğlu, çox sağ olun. SPECA-nın yubiley Sammitinə dəvətə görə təşəkkür edirəm. Səmimi qəbul üçün sağ olun.
İkitərəfli qarşılıqlı fəaliyyətimiz həm ticarət sahəsində, həm də humanitar müstəvidə dinamik şəkildə inkişaf edir. Azərbaycanlı dostlarımızın uğurlarına sevinirik, ölkəniz inkişaf edir. Düzgün qeyd etdiniz ki, son illər, xüsusən Sizin Düşənbəyə dövlət səfərinizdən sonra nazirliklərimiz və idarələrimiz çox fəal əməkdaşlığa başlayıblar. Çoxlu proqramlar işlənib-hazırlanır, biz indi bu barədə danışırıq. Dəvətinizə görə sağ olun. Növbəti ildə olacaq səfərə hazırlaşırıq. Biz indi bunun üzərində işləyirik və müvafiq orqanlarımız qarşılıqlı fəaliyyət göstərir. Zənnimcə, bu, ikitərəfli münasibətlərimizə güclü təkan verəcək. Bu gün isə mən Sizinlə münasibətlərimizin mövcud vəziyyətini və perspektivlərini, regional problemləri müzakirə etməyə hazıram.
Bir daha səmimi qəbula görə çox sağ olun.
11:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Bakıda Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb.
Bu barədə AZƏRTAC xəbər verir.