Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında ƏSASNAMƏyə əsasən, qurumun fəaliyyətinin təşkil edilməsini onun sədri, birinci müavini və 3 müavini həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, həm sədrin, həm də onun müavinlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi dövlət başçısının səlahiyyətindədir.
Sədr Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir, müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir, Agentliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin, strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini (və ya əsasnamələrini) təsdiq edir, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Agentliyin Kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir, müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini, ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirləri daxilində onların gəlir və xərclər smetasını təsdiq edir, Agentliyin Aparatının işçilərini, habelə strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini, onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, Agentliyin strukturuna daxil olan qurumların digər işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir, Agentliyin işçilərinə, strukturuna daxil olan qurumların rəhbərlərinə və onların müavinlərinə dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri verir, habelə xüsusi fərqlənmiş əməkdaşlara Azərbaycan Respublikasının fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif olunması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir, dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla Agentlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir, Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir, əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Agentlik tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarının icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları (qurumları) ilə, hüquqi və fiziki şəxsləri ilə, habelə beynəlxalq təşkilatlarla münasibətdə Agentliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır, Agentliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitin formalaşdırılması ilə bağlı təkliflər verir, Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir.
Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.
Sədr öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını birinci müavininə və ya müavinlərindən birinə həvalə edə bilər.
Agentlikdə sədrdən (Kollegiyanın sədri), sədrin birinci müavini və müavinlərindən, Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanının (qurumunun) rəhbərindən və Agentliyin digər rəhbər işçilərindən ibarət tərkibdə Kollegiya yaradılır. Agentliyin Kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilərlər.
Agentliyin Kollegiyası üzvlərinin sayını və tərkibini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
Agentliyin Kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
Agentliyin Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
- Agentliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;
- qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Agentliyə tapşırılmış konkret normativ hüquqi aktları;
- bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;
- aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;
- sədrin təşəbbüsü ilə Agentliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulan normativ hüquqi aktları;
- bu Əsasnamənin 5.11.1 – 5.11.5-ci yarımbəndlərinə uyğun olaraq, Agentliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktları ləğv edən və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktları.
Agentliyin Kollegiyasının iclasları Kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Agentliyin Kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Agentliyin Kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, Kollegiya sədrinin səsi həlledici hesab edilir.
Agentliyin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, sədr bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Agentliyin Kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
Agentliyin Kollegiyasının iclaslarına digər dövlət orqanlarının (qurumlarının), habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.
Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər.
Agentlikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin öz sahibkarlıq fəaliyyəti ilə bağlı Agentliyin və ya onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərinə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.