Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığı əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan bu paket çərçivəsində postmüharibə dövründə:
• şəhid ailələri üzvləri və müharibə veteranları olan 104 min şəxsə 116 min aylıq sosial ödəniş təyin olunub, 21,6 min şəxsə birdəfəlik ödəmə təyin olunub;
• şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlər hər il artırılıb, müharibə veteranlarına aylıq təqaüd təyin edilib;
• şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 5 350 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib. (Ümumilikdə ötən dövrdə bu kateqoriyalardan olanlara 14 150 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 7,5 mindən çox avtomobil verilib);
• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 52,4 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;
• müharibə ilə əlaqədar əlilliyi olan 2 035 şəxs 46 min reabilitasiya vasitəsi, o cümlədən 448 şəxs 467 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;
• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 20,3 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,3 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;
• vahid əlaqələndirmə mərkəzlərində həmin kateqoriyalara aid 98,6 min şəxsə xidmətlər göstərilib və s.
Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 126 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 315 min xidmət göstərilib.