Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalına bu il 5,7 milyon müraciət qeydə alınıb.
2019-cu ildən istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır.
Vətəndaş onun barəsində portalda toplanmış məlumatları mütəmadi izləyə bilməklə yaranan sosial-əmək hüquqlarının təminatına ictimai nəzarəti həyata keçirmək imkanına malikdir. Portal pensiya, müavinət, təqaüd,əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə 31 növ elektron arayışı rəqəmsal platforma vasitəsilə almaq imkanı da yaradır.
Ölkəmizin mühüm sosial uğurlarından olan e-sosial.az portalı ABŞ-ın beynəlxalq onlayn “dotCOMM Awards” müsabiqəsində “Dövlət saytı” nominasiyası üzrə “Platinium” kateqoriyasında qalib seçilib. Habelə Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına (“Əmək və Məşğulluq” altsistemi ilə birgə) layiq görülüb. Portal İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən qabaqcıl innovativ təcrübələrdən biri kimi təqdim edilib.