Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarı tikiləcək.
Qaziler.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əlicançay su anbarının tikintisi haqqında Sərəncam imzalayıb.
Sərəncam “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq ölkədə su ehtiyatlarının artırılması, əhalinin içməli su təminatının yaxşılaşdırılması, əkinəyararlı torpaqlarda müasir təsərrüfatlar yaradılmasının təşviqi və əhalinin məşğulluğunun dəstəklənməsi məqsədilə imzalanıb.
Sərəncama əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Əlicançay su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etməli və bu su anbarının tikintisi nəticəsində içməli su ilə təmin olunacaq yaşayış məntəqələri və suvarma suyu ilə təmini nəzərdə tutulan əkin sahələri üzrə prioritetləşdirmə aparmaqla, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təkliflərini beş ay müddətində “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyaya təqdim etməlidir.
Həmçinin İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Oğuz Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət qurumları Əlicançay su anbarının tikintisindən irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirləri həyata keçirməlidirlər.
Komissiya bu Sərəncamda nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi su anbarının tikintisinin cari ildə və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görməlidirlər.
Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.