“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Fərmanında dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.
Fərmanla “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlər də həyata keçiriləcək:
- daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- daşınmaz əmlakın real bazar dəyərinin qiymətləndirilməsinə dair arayışın verilməsi;
- daşınmaz əmlakın dövlət reyestrindən əmlakın təsviri və ünvanı barədə məlumatların verilməsi;
- daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) sxematik bölgüsünün aparılması və bölgü planının verilməsi;
- torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi;
- daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı arxiv arayışlarının, hüquqi və texniki sənədlərin (planların) təsdiq edilmiş surətlərinin verilməsi;
- yerquruluşu planının verilməsi;
- daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi;
- ünvan reyestri məlumat bazasından arayışların verilməsi;
- ünvan xəritələrindən çıxarışların verilməsi;
- daşınmaz əmlaka dair texniki sənədlərin dublikatının verilməsi;
- daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi;”.
Energetika sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
- ixrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi;
- ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi;
- mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazənin verilməsi;
- Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik enerjisinin istehsalına icazənin verilməsi;
- elektrik enerjisinin nəqlinə icazənin verilməsi;
- elektrik enerjisinin paylanmasına icazənin verilməsi;
- elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi;
- qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi;
- qazın nəqli üçün icazənin verilməsi;
- qazın paylanmasına icazənin verilməsi;
- yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi;
- neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi;
- neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi;
- neft və neft məhsullarının emalına icazənin verilməsi;
- neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi;
Təhsil sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
- təhsilalanlara təhsil müəssisələrində təhsil almalarına dair arayışların verilməsi;
- sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatların verilməsi;
Fövqəladə hallar sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
- təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə çıxarışın verilməsi;
- partlayıcı maddələrin və qurğuların, tezalışan maddələrin və pirotexniki məmulatların dövriyyəsinə xüsusi icazənin verilməsi;
Ətraf mühitin mühafizəsi sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
- atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazənin verilməsi;
- balıqovlama biletinin verilməsi;
- ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletinin verilməsi, biletin müddətinin uzadılması;
- ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsulların dövriyyəsinə xüsusi icazənin verilməsi.”.