Qərbi Azərbaycan İcmasından Ermənistanın baş naziri və XİN başçısının iddialarına CAVAB

Qərbi Azərbaycan İcmasından Ermənistanın baş naziri və XİN başçısının iddialarına CAVAB backend

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın və xarici işlər naziri Ararat Mirzoyanın son günlər səsləndirdikləri, Ermənistan hökumətinin ikiüzlülüyünü və insan haqları kimi nəcib məfhumdan öz ərazi ekspansionist planları üçün sui-istifadə etməsini açıq-aşkar göstərən bədnam iddialarını ifşa etməklə bağlı bəyanat yayıb.

QAZİLER.AZ  Trend-ə istinadən xəbər verir ki, bəyanatda qeyd olunub ki, Ermənistan öz ərazisindən azərbaycanlıların hamısını zorla qovmuş, və mədəni irsimizi, müqəddəs yerlərimizi, məzarlıqlarımız təhqir edərək və dağıdaraq, vətənimizdə varlığımızın izlərini silməyə çalışır.

“Bizim təhlükəsiz və ləyaqətlə evlərimizə qayıtmaq üçün davamlı dialoq çağırışlarımıza və səylərimizə baxmayaraq, Ermənistan hüquqlarımıza tam hörmətsizlik nümayiş etdirərək, bu məsələ ilə bağlı müzakirələrdən imtina edir”, - bəyanatda vurğulanıb.

Ermənistan öz ərazisindən qovduğu azərbaycanlıların evlərinə qayıtmasının qarşısını almağa davam edərkən, Azərbaycanın Qarabağ İqtisadi Rayonunda yaşayan etnik ermənilərlə bağlı insan haqları arqumentlərindən həyasızcasına sui-istifadə etməyə çalışır. Ermənistanın iddiaları mahiyyətcə əsassız olmaqla bərabər, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd xarakteri daşıyır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü yalnız şərti olaraq tanımaqla əsl niyyətini ortaya qoyur və bununla da separatçılıq cəhdləri üçün imkanları açıq saxlamağa çalışır. Ermənistanın bu davranışı beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və ATƏT-in dövlətlərarası münasibətlərdə milli azlıqlara dair tövsiyələrində əksini tapmış prinsiplərə tamamilə ziddir. Xatırladaq ki, ATƏT-in tövsiyələrində digər məsələlərlə yanaşı aşağıdakılar qeyd edilir:

“Dövlətlər xaricdəki milli azlıqlara öz ərazisində olan milli azlıqlardan daha çox maraq göstərsələr və ya başqa yerlərdəki azlıqlara etinasızlıq nümayiş etdirdikləri halda müəyyən bir milli azlığı fəal şəkildə dəstəkləsələr, onda onların hərəkətlərinin motivləri və etibarlılığı sual altına alınmalıdır”.

Ermənistanın bizim geri qayıtmaq hüququmuza məhəl qoymaması, bu prosesə yardım etmək və Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək üçün beynəlxalq missiyaları qəbul etməkdən imtina etməsi hamılıqla pislənməlidir. Beynəlxalq ictimaiyyət Ermənistanın açıq-aşkar şəkildə öz ərazisində həyata keçirdiyi “etnik azlıq yoxdursa, problem də yoxdur” yanaşmasına əsaslanan siyasətini rədd etməlidir.

Bu azmış kimi, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün insan haqları ritorikasından kobud şəkildə sui-istifadə edir. Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistanın hərəkətlərini daşıdığı məhz bu mahiyyətinə görə pisləməyə çağırır. Biz Ermənistandan qovulmuş azərbaycanlıların Ermənistandakı evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməsini və insan haqlarından fürsətçi və ikiüzlü şəkildə sui-istifadəsinə son qoymasını tələb edirik.

Ədalət və geri qayıtmaq hüququ uğrunda mübarizəmizi davam etdirməklə biz dinc dialoqa sadiqliyimizi bir daha bəyan edirik. Biz dünya ictimaiyyətini etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bütün insanların hüquqlarına hörmət edildiyi və qorunduğu bir gələcək naminə həyata keçirdiyimiz fəaliyyətimizə dəstək olmağa və bizimlə həmrəy olmağa çağırırıq.

 

 

Diaspora